Gündəm / Cəmiyyət
10 sentyabr 2024
0

8 yaşlı Narinin dəfnindəki gəlinlik müzakirə yaratdı - Foto


Türkiyə gündəmini zəbt edən 8 yaşlı Narin Güranın dəfni müzakirə yaradıb.

Buna səbəb dəfn zamanı onun tabutunun üzərinə gəlinlik qoyulması olub.

Sosial şəbəkə izləyiciləri və məşhurlar azyaşlı üçün rəmzi olaraq gəlinlik deyil, məktəbli forması, kitab və ya oyuncağın daha uyğun olduğunu bildiriblər.

Aktrisa Bergüzar Korel instaqram hesabında bu sözləri yazıb: “Məktəbli forması və ya oyuncaq yerinə niyə gəlinlik?! 8 yaşlı günahsız uşağın tabutuna gəlinlik qoymaq əngəl olmaq istədiyimiz mentalitetin özüdür”.

Bu məsələyə səssiz qalmayan daha bir aktrisa isə Ezgi Mola olub: “Tabutun üstünə oyuncaq, məktəbli forması qoymalı idilər. Balaca bir uşağı gəlin kimi görmələrini rəzalət hesab edirəm”.

Qeyd edək ki, 19 gün axtarışları davam edən Narinin meyiti kisəyə qoyulmuş vəziyyətdə sentyabrın 8-i yaşadığı Tavşantəpə kəndi ərazisində tapılıb. Hadisə ilə bağlı onun valideynləri, qardaşı və Tavşantəpə kəndinin muxtarı olan əmisi Sami Güran saxlanılıb. Daha sonradan atası sərbəst buraxılıb.

Məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verərək qatilin ən ağır şəkildə cəzalandırılacağını bəyan edib.