Gündəm / Siyasət
11 avqust 2021
18
“Hədəfdə sədr deyil, hədəfdə Azərbaycan-İran münasibətləridir”
Artıq bir neçə gündür ki, ölkə gündəmini MM-in sədri Sahibə xanım Qafarovanın İran Prezidenti ilə görüşündə bayrağımızın olmamasından ucuz şou düzəldənlərin əsassız ittihamları zəbt edib. Sosial şəbəkələrdə və əlləri çatan digər internet resurslarında populist bayraq və vətən sevgisi ilə bağlı fikirləri sadə vətəndaşlarımızın da yanlış düşünməsinə səbəb olub. Əslində isə bu cür absurd fikir sahiblərinin belə cəhdləri Azərbaycanın və onun mövqelərinin ziddinə yönəlib.
İlk öncə nəzərə almaq lazımdır ki, hər bir dövlətin özünün daxili qanunları vardır və onun ərazisində bütün şəxslər, o cümlədən də digər dövlətlərin rəsmiləri bu qanunlara əməl etməlidirlər. Bu, Azərbaycanda da belədir və istənilən digər dövlətin rəsmisi ölkəmizə səfər edərkən bu qanunlara əməl edir. Nə qədər dünyəvi dövlət olsaq belə, yenə də ola bilər ki, bizdə qüvvədə olan hansısa qanun digər ölkə rəsmisi üçün təəccüblü olsun. Ancaq o bizim ölkədə olarkən buna mütləq əməl etməlidir.
Teokratik dövlətlərdə, o cümlədən də cənub qonşumuz olan İran İslam Respublikasında dünyəvi ölkələr üçün fərqli qaydaların olması mümkündür. Ancaq bunun bayraq məsələsinə aidiyyatı yoxdur. Əvvəlcə başlayaq bayraq məsələsindən. Əziz həmvətənlər, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” (2004), “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” (2008) qanunlarımız olduğu kimi, digər dövlətlərin də analoji qanunvericilik aktları vardır. Bununla yanaşı, beynəlxalq müstəvidə ümumi qəbul olunan protokol qaydaları da mövcuddur ki, bir ölkənin başçısı digər dövlətin başçısı ilə görüşərkən hər iki dövlətin bayrağı istifadə edilir. Ancaq bir dövlət başçısı digər ölkənin başqa rəsmilərini qəbul edərkən görüş zalında əsasən yalnız ev sahibi olan dövlətin bayrağı qoyulur. Bunun həmin dövlətlərin kiçikliyinə və ya böyüklüyünə heç bir aidiyyatı yoxdur. Bununla bağlı başqa rəsmi görüşlərə dair də çoxsaylı şəkillər vardır.
O ki, qaldı baş örtüyü məsələsinə, bu, konkret olaraq İran dövlətini islam ənənələrinə dair qaydasıdır ki, digər dövlətdən olan xanımlar bu tələbə riayət etməlidir. Bu tələb təkcə Azərbaycan rəsmisinə aid deyil. RF Dövlət Dumasının sədri Matviyenko da İran Prezidenti ilə görüşü zamanı bu qaydaya əməl edib. Onu da qeyd edim ki, Roma Papası ilə görüşdə də bu tələb var və ABŞ Prezidenti Donald Tramp Papa ilə görüşərkən həyat yoldaşı Melanya Tramp da baş örtüyündən istifadə edib.
Bundan başqa, Milli Məclisimizin sədri Sahibə xanım Qafarovanın, hazırda populist və pafoslu "vətənşüvən" fikirləri ilə gündəmə gəlməyə cəhd edən şəxslərin də bizə müttəfiq və dost dövlətlər olduğunu inkar edə bilməyəcəkləri Türkiyə və Pakistan dövlət başçıları ilə görüşü zamanı da bayrağa dair eyni protokol qaydaları qüvvədə olub. Hədəfdə Sahibə Qafarova deyil, hədəfdə dövlətin maraqları və regionda müəyyənləşdirdiyi yeni reallıqla bağlı Azərbaycan-İran münasibətləridir.
Həmin görüşlərdə də, yalnız dövlət başçılarının ölkələrinin bayraqları olub və buna dair də rəsmi şəkillər mövcuddur. Ancaq elə Sahibə xanımın İran parlamentinin sədri ilə görüşündə bərabər ranqlı rəsmilər olduğuna görə hər iki dövlətin bayrağından istifadə olunub.
Son olaraq qeyd edim ki, bu kimi əsassız və absurd fikirlər Azərbaycan dövlətinin regionda və dünyada artmaqda olan mövqeyinə heç bir xələl gətirə bilməz. Azərbaycan 44 günlük zəfərli müharibəmizdə və ondan sonra atdığı möhtəşəm addımları ilə bir daha sübut etdi ki, o bütün dünya dövlətləri və təşkilatları ilə münasibətlərində yalnız bərabər hüquqlu tərəfdaş kimi iştirak edir. Azərbaycan haqlı olduğu qədər də güclüdür və onunla heç bir dövlət və beynəlxalq hüququn digər bir subyekti güc dilində danışa bilməz. Bunu dövlət və xalq olaraq biz Ermənistanın və onun havadarlarının timsalında bütün dünyaya sübut etdik. Azərbaycan dövlətinin və onun dünya miqyaslı siyasi lider olan rəhbəri möhtərəm Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət heç vaxt xalqımıza və dövlətimizə qarşı hörmətsizlik edilməsinə imkan verməz və bu kimi cəhdləri cavabsız qoymaz! Möhtəşəm Dəmir yumruq mövcud olduğu müddətcə bütün istiqamətlərdə xalqımızı, dövlətimizi və onun milli maraqlarını və mənafelərini ən yüksək səviyyədə qoruyacaq!
Uca Tanrı xalqımızı, dövlətimizi və dəmir yumruğumuzun sərtliyini daim qorusun!
Daha çox xəbər:
"Azərbaycan koronavirusla mübarizədə model ölkə kimi nümunə göstərilir"
SiyasətMilli Məclis Sədri Lavrovla görüşəcək, Federal Şuranın iclasında çıxış edəcək
Siyasət / DünyaArtıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər - VİDEO
İqtisadiyyat / Cəmiyyət / SosialSahibə Qafarova İranın yeni Prezidenti ilə görüşdü
Gündəm / SiyasətAzərbaycan Prezidenti: Qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz
Gündəm / Siyasət