Gündəm / Cəmiyyət
21 fevral 2022
22

Kiçik çillə çıxdı, Boz ay başladı - Xalq təqvimi

Kiçik çillə çıxdı, Boz ay başladı - Xalq təqvimi

Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə geridə qaldı.

Xalq təqviminə görə, dekabrın 21-dən başlayan qış fəslinin “oğlan çağı” - 20 günlük Kişik çillə fevralın 20-də başa çatıb.

Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti - Boz ayı yaşayacağıq.

Bu təqvimlə qış üç hissədən ibarətdir: dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.

Qeyd edək ki, Azərbaycana bu il yaz fəsli martın 20-də yerli vaxtla saat 19:33-yə təsadüf edəcək.

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 22-si, axırıncı çərşənbə isə martın 15-nə təsadüf edəcək.
Fevralın 22-də ilk - Su çərşənbəsi, martın 1-də Od, martın 8-də Hava (Yel), martın 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir...