Gündəm / Siyasət
20 may 2024
0

Fransanın ÇARƏSİZLİYİ – Kolonializm siyasəti iflas edən Paris niyə günahkarı başqa yerdə AXTARIR?



Emmanuel Makron və Fransa hökuməti təlaş içindədir. Bu təlaşla da Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edərək vətəndaş azadlıqlarının məhdudlaşdırılmasına çalışırlar.

Etirazçıların koordniyası edilməsi bəhanəsi ilə fransızlar adada “TikTok” sosial şəbəkəsinin fəaliyyətini də məhdudlaşdırıblar. Nəzərə alq ki, Avropa İttifaqı tarixində ilk dəfə olaraq “TikTokun fəaliyyəti bloklanıb. Çıxılmaz vəziyyətdə qalan Makron etirazçıların liderlərilə telekonfrans vasitəsilə danışmağa hazır olduğunu açıqlayıb.

Baş verənlərdən tamamilə başını itirən Fransa hökuməti hadisələrə doğru qiymət vermək, yanlış siyasətlərini etiraf etmək əvəzinə günhakar axtarışına çıxıb. Qəribədir ki, Fransanın daxili işlər naziri Jerald Darmanin gözlənilmədən bəyan edib ki, “Yeni Kaledoniyada baş verənlərin günahkarı Azərbaycandır”.

Niyə məhz Azərbaycan?

Nəzərə alaq ki, fransızların bir milli xüsusiyyəti var ki, onlar nə gündəlik həyatda, nə də siyasətdə heç vaxt günahkar olduqlarını etiraf etmirlər. Fransız dövlət xadimləri arasında bu özəllik son illərdə isə ən pik həddə çatıb. İndiki vaxtda rəsmi Parisin ən soyuq münasibətdə olduğu ölkələrdən biri də Azərbaycandır. Ona görə də Makron hökuməti özlərinin kolonializm siyasətlərində yaranan çatlarda Azərbaycanı günahkar qismində görür.

Fransızların dediklərinin heç bir əsası olmasa da Azərbaycanın hədəfə alınması təsadüf deyil. Çünki Fransanın Cənubi Qafqaz siyasəti məhz Azərbaycanın hesabına iflas etdi. Artıq Fransanın müstəqil və yaxud Avropa İttifaqı bayrağı altında bölgəyə gəlməsi heç də inandırıcı görünmür. Ona görə də rəsmi Paris Azərbaycana qarşı kinini gizlətmir, hər vasitə ilə Azərbaycanın üzərinə gəlmək istəyir.

Fransada anti-Azərbaycan isteriyası son aylar bütün sərhədləri aşıb.

Rəsmi Paris Azərbaycanla münaqişədə Ermənistanı tam dəstəklədiyini daim göstərib. 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra isə Fransa siyasətçiləri və məmurlarının ədalətə, məntiqə və beynəlxalq hüquqa zidd olaraq Azərbaycana və onun rəhbərliyinə qarşı çirkin kampaniyası daha da genişləndi.

Xüsusən də, Azərbaycan 2023-cü ilin sonunda öz ərazilərindəki fransız kəşfiyyat şəbəkəsini açıq şəkildə ifşa etdikdən sonra münasibətlər bir qədər də kəskinləşdi.

Fransa müstəmləkəçiliyinin fəsadları ilə mübarizə üçün Bakı Təşəbbüs Qrupunun Qoşulmama Hərəkatı tərkibində yaradılması isə rəsmi Parisi daha da qıcıqlandırdı. Maraqldır ki, Fransanın müxtəlif kaloniyaları Azərbaycanın təşəbbüsünü dəstəklədilər.

Bundan sonra Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikada müstəqillik istəyən 14 siyasi hərəkat birlikdə, birgə bəyanat yaydı. Bəyanatda Fransa hökumətinin Kanaki-Yeni Kaledoniyada seçki bazasının genişləndirilməsinə yönəlmiş qanunsuz dəyişiklikləri zorla həyata keçirməsi pislənir və kanak xalqının müstəqillik uğrunda ədalətli mübarizəsinə tam dəstək ifadə edilirdi.

Azərbaycan sadəcə Fransanın neokolonializm siyasətini psiləyib.

Burda da təəccüblü heç nə yoxdur. Çünki Fransa hər hansı bölgəyə regional inkişaf və davamlı sülh üçün yox, öz imperialist məqsədləri üçün gəlir. Ona görə də Azərbaycan uzun illərdir ki, qətiyyətlə Fransanın Cənubi Qafqaza soxulmasına qarşı çıxır. Nə yazıq ki, fransızlar da öz xislətlərinə uyğun olaraq heç zaman özlərində günah görmür.

Bəli, fransızlar öz cinayətlərini ört-basdır etmir. Sadəcə unudurlar. Belə olmasa idi Əlcəzairdə və digər Afrika ölkələrində törədilən vəhşiliklərə görə Fransa hakimiyyəti nə zamansa üzr istəyərdi.

Lakin fransızlar etdikləri vəhşiliklərin xəcalətini çəkmək əvəzinə ondan aldıqları həzzi nümayiş etdirirlər.

Belə olmasa idi, Parisin göbəyində Əlcəzairdə və digər ölkələrdə qətlə yetirilən insanların kəllə sümüklərindən muzey inşa etməzdilər.

Yeni Kaledoniyada baş verənlərdə Azərbaycan izi axtarmaq cəhdləri absurddur. İttihamla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi öz etirazını rəsmi şəkild bildirib. Həmin bəyanatda deyildiyi kimi Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, diqqətini ölkəsinin xarici regionlarda bu cür etirazlara səbəb olan uğursuz siyasətinə yönəltsə, daha yaxşı olardı.

Yeni Kaledoniyada baş verənlər ən azından fransızlara diqtə edir ki, bütün xalqların azad və suveren yaşamaq hüququ var. BMT Təhlükəsizlik Şurasının üzvü və dünyaya demokratiya dərsi keçmək istəyən Fransa üçün əslində bu bir dərsdir.

Amma görünən odur ki, rəsmi Paris baş verənlərdən heç də dərs çıxartmaq fikrində deyil. Çünki fransızların milli qəhrəmanı və xilaskarı Şarl de Qolun dediyi kimi, “Fransa unutmağı bilir”. Yəni dərs çıxartmaq fransızlar üçün yad bir məsələdir.

Bizim.Media