Gündəm / Siyasət
20 iyul 2022
18
Böyük anlaşma: Avropa üçün nəfəs, Azərbaycan üçün təhlükəsizlik və qazanc - İNCƏLƏMƏ...
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəd iyulun 18-də Bakıda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanıb.
Ursula von der Leyen Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzaladıqlarını mətbuata açıqlamalarında qeyd ediblər. Müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılması nəzərdə tutulur.
Mətbuata birgə bəyanatında Prezident Əliyev Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumundan danışarkən xatırladıb ki, enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi var: "Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var".
"Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir", - deyə Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir: "Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. Buna görə də münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur”.
“Əlbəttə ki, gündəliyimiz çox genişdir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq".
Avropa Komissiyasının Prezidenti isə bəyanatında deyib ki, Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən əvvəl də Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi: "Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam".
"Bizim Anlaşma Memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik", - deyə xanım siyasətçi diqqətə çatdırıb.
Leyenin sözlərinə görə, Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır: "Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Cənab Prezident, Siz artıq bununla bağlı fikirlərinizi bildirdiniz. Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. Biz ikitərəfli görüşümüzdə bu mövzunu geniş müzakirə etdik. Bu gün imzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək".
"Prezident Əliyev və mən enerjidən əlavə, əlaqələrimizin və əməkdaşlığımızın bütün aspektlərini müzakirə etdik. Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının sabah Brüsseldə iclası baş tutacaq və orada ikitərəfli əməkdaşlığımızın inkişafı müzakirə ediləcək. Biz hazırda yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir. Bu, bizim qlobal qapı strategiyamızın başlıca missiyasıdır və həmçinin Şərq Tərəfdaşlığının mahiyyətidir”, - deyə xanım Prezident vurğulayıb.
Əlavə edib ki, Aİ Azərbaycanla birgə çalışaraq Mərkəzi Asiya və onun hüdudlarından kənarda da əlaqələr qurmaq arzusundadır: “Biz mühüm Trans-Xəzər əlaqələrinə dair ideya və müzakirələri böyük maraqla izləyirik və müzakirələrin dərinləşdirilməsinə töhfə verəcəyik. Nəhayət, biz vahid hava məkanı haqqında sazişi yekunlaşdırmaq istəyirik. Çünki bu, biznes, ticarət və turizm imkanlarına böyük təkan verəcəkdir”. İmzalanan Memorandumun əhəmiyyətini AYNA-ya şərh edən Milli Məclisin üzvü Asim Mollazadə deyib ki, bu sənəd Aİ ilə Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişafında yeni səhifə açıb: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İttifaqa üzv dövlətlərlə ölkəmizin əlaqələri daim inkişaf edir. Hətta Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Həmin ölkələrin Avropa İttifaqına üzv dövlətlərin üçdə birini təşkil etməsi də bu əlaqələrin yüksək səviyyədə olmasını göstərir”.
“Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Buna görə də hesab edirəm ki, Azərbaycanı Avropa İttifaqının ticarət və iqtisadi əlaqələrdə çox önəmli tərəfdaşı hesab etmək olar. Həmçinin hər iki tərəf arasında əlaqələrin şaxələndirilməsi və daha da genişləndirilməsi üçün böyük potensial var. Anlaşma Memorandumu bunun bariz nümunəsidir”, - deyə deputat bildirib.
Mollazadə hesab edir ki, xarici siyasətdə əsas prioritetləri tərəfdaşlıq, əməkdaşlıq olan Azərbaycanın Aİ ilə münasibətləri daha da genişlənəcək: “Bu əməkdaşlıq ölkəmizin gəlirlərinin artmasına, beynəlxalq nüfuzunun daha da möhkəmləsinə gətirib çıxaracaq”.
REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya şərhində Azərbaycanla Aİ arasında yeni enerji qaz sazişinin imzalanmasını çox önəmli və müsbət hadisə kimi qiymətləndirib: “Avropa Komissiyanın Prezidentinin Azərbaycana səfəri, Anlaşma Memorandumu kimi əhəmiyyətli sənədin imzalanması sıradan hadisə kimi qiymətləndirilməməlidir”.
“Bu saziş tək ölkənin deyil, bölgəmizin də qurunmasını, önəmini artıracaq. Yarana biləcək münaqişələrin qarşısının alınmasında Memorandum əhəmiyyətli sənəddir. Cənubi Qafqazda sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan olacaq”, - deyə analitik söyləyib.
Onun sözlərinə görə, Memorandum Azərbaycanın iqtisadi vəziyyətinə də müsbət təsir göstərəcək: “Ölkənin qaz resursundan gəlirləri artacaq, iqtisadi baxımdan Azərbaycanın Qərblə bağlantısı möhkəmlənəcək. Eyni zamanda, uzun müddətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedirdi. Müqavilənin uzanmasının əsas səbəbləri iqtisadi məsələlər idi. Qazla bağlı anlaşma razılaşdırılmamış əsas məsələlərdən biri idi. İndi Anlaşma Memorandumu imzalandı ki, bu, Avropa İttifaqı ilə geniş müqavilənin də önünü açır”.
Cəfərlinin fikrincə, yaxın zamanlarda Aİ ilə yeni strateji müqavilə də imzalanacaq: “Düşünürəm ki, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin genişlənməsi ölkəmizin strateji maraqlarına tam uyğundur”.
Daha çox xəbər:
Prezidentin Ursula von der Leyen ilə geniş tərkibdə görüşü keçirilir
Gündəm / SiyasətPrezident Şarl Mişeli təbrik ETDİ
Gündəm / SiyasətAzərbaycan-Ukrayna sənədləri imzalandı - YENİLƏNİB
Gündəm / Cəmiyyətİlham Əliyev Qırğızıstanla Anlaşma memorandumlarını TƏSDİQLƏDİ
Gündəm / Siyasətİlham Əliyev FƏRMAN İMZALADI
Gündəm / Siyasət