Gündəm / Siyasət
16 oktyabr 2023
1

“Ona özüm kimi inanıram” - Heydər Əliyev İlham Əliyev haqqında

“Ona özüm kimi inanıram” - Heydər Əliyev İlham Əliyev haqqında

Rusiyanın köklü “Moskovski Komsomolets” nəşri Azərbaycan Prezidenti İlham Əliyev haqqında məqalə dərc edərək dövlət başçısının “azərbaycanlıların bir neçə nəslinin ərazi bütövlüyünü bərpa etmək diləyini həyata keçirdiyi” diqqətə çatdırıb, həmçinin onun prezidentliyinin 20 ili ərzində ölkədəki inkişaf prosesinə işıq salıb.

Məqalə qəzetin saytında dərc olunub.

“Xəyallar gerçək olur” epiqraflı məqalədə 2003-cü ilin oktyabrın 15-də “gənc lider İlham Əliyevin atasından – böyük siyasi xadim Heydər Əliyevdən – estafeti götürərək iyirmi il ərzində ölkəni yeni səviyyəyə qaldırdığı” qeyd olunub.

Müəlliflərin sözlərinə görə, İlham Əliyev “Heydər Əliyevin kursunu davam etdirməklə kifayətlənməmiş, həmçinin Azərbaycan dövlətçiliyinin qurulmasına yeni impuls verib”.

Azərbaycan liderinin bioqrafiyasına nəzər salan yazarlar onun MDBMİ-də möhtəşəm ali təhsil aldığına, xüsusilə hərtərəfli karyera təcrübəsinə malik olduğuna diqqət çəkir: “Bununla belə, dövlət quruculuğu xüsusi məsuliyyət tələb edir. İyirmi il ərzində İlham Heydər oğlu Azərbaycanın qüdrətli dövlətə çevriləcəyini, hər şeydən əvvəl Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirən andiçmə mərasimindəki çıxışının boş söz olmadığını sübut edib. Bu, sabit inkişaf kursudur”.İlk növbədə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın iqtisadi göstəricilərini qiymətləndirən köşə yazarları “Bakının indi bir sıra ölkələr üçün etibarlı ticari-siyasi tərəfdaş kimi çıxış etdiyini, Avropanın enerji təhlükəsizliyini təmin etdiyini və iqtisadiyyatın şəxaləndirilməsi kursunu tutduğunu” vurğulayıblar.

Eyni zamanda, yazıda ölkə başçısının bu iyirmi il ərzində “çoxvektorluluq prinsipini” tətbiq etdiyindən bəhs edilib: “Azərbaycanın diplomatik strategiyasının unikallığı ondan ibarətdir ki, praktikada bütün dünya siyasətçilərinin danışmağı sevdiyi, lakin əldə edilməsi çox çətin olan eyni “çoxvektorlu” prinsipi həyata keçirmək mümkündür. Azərbaycan ABŞ, Türkiyə və Rusiya ilə münasibətləri qoruyub saxlamaqla regionda geosiyasi maraqların optimal balansına nail ola bilir”.

Bundan başqa, məqalədə İlham Əliyevin liderliyi ilə Azərbaycanın işğal olunmuş ərazilərini az qala 30 il aradan sonra azad etməyə nail olduğu barədə də nəql olunub, həmçinin Azərbaycanın sentyabrdakı antiterror tədbirləri haqqında da məlumat verilib: “Beynəlxalq ictimaiyyət Azərbaycanın bu əməlləri öz ərazisində həyata keçirdiyini etiraf edib. Beləliklə, İlham Əliyev Avropa və Şərq tərəfdaşları ilə əzmkarlıq və parlaq diplomatik iş sayəsində milyonlarla azərbaycanlının çoxdankı arzusunu reallaşdıra bilib. Təkcə bu, ölkə tarixinə böyük lideri kimi düşmək üçün kifayət edərdi. Ancaq bu, yolun sonu deyil. Qarşıda yeni sıçrayışlar və nailiyyətlər var”.