Gündəm / Cəmiyyət
03 may 2024
0

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Yeni ərzaqlıq buğdanın birjalara çıxmasına bir neçə ay qalmasına rəğmən dünya birjalarında qimətlər xeyli aşağ düşüb. Hazırda birjalarda ərzaqlıq buğdanın bir tonunun qiyməti 290 dollardır. Halbuki, bir müddət əvvəl ərzaqlıq buğdanın bir tonu 350-400 dollara təklif olunurdu. Göründüyü kimi qiymətlər xeyli aşağı düşüb və qiymətlər enməkdə davam edir.

Bəs, bu proses ölkəmizin çörək bazarına necə təsir edəcək?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirdi. O Bizim.Media-ya açıqlamasında bildirib ki, birjalarda ərzaqlıq buğdanın bir tonunun qiymətinin orta göstəricisi 290 dollardır:

“Bununla belə biz ərzaqlıq buğdanın üçüncü, dörcüncü sinif üzrə 12,5 zülal tərkibi ilə Rusiyadan tonunu 234 dollara alırıq. Amma dünya birjalarında orta qiymət xeyli bahadır.
Göründüyü kimi biz Rusiyadan ərzaqlıq buğdanı dünya qiymətlərindən ən azı 56 dollar ucuz alırıq. Bununla da 2022-ci ildən bəri buğdanın qiyməti 60 faiz ucuzlaşıb. Bəs, çörəyin qiyməti nə qədər ucuzlaşıb? Cəmi 15 qəpik. O da “zavod çörəyi”ndə.

Amma onunla paralel eyni çəkili “təndir çörəyi” 75 qəpiyə satılır. Hazırda “zavod çörəyi” maya dəyərindən 20, “təndir çörəyi” isə 45 qəpik baha satılır. Baxmayaraq ki, hər iki çörək növünün ucuzlaşması üçün kifayət qədər imkan var. Ümumilikdə isə yaxın vaxtlarda çörəyin ucuzlaşacağı inandırıcı görünmür”.

Akif Nəsirli onu da əlavə edib ki, unun və çörəyin qiymətinin aşağı salınması üçün hökumət davamlı tədbirlər görür:

“Nəzərə alaq ki, artıq neçə illərdir ki, un və digər taxıl məhsulları bir çox gömrük rüsumundan və ƏDV-dən azaddır. Yəni dövlət çörəyin qiymətinin aşağı salınması üçün bütün zəruri addımları atıb. Amma çörək sənayesindəki işbazlar çörəyin qiymətinin aşağı düşməsinə imkan vermir. Ola bilsin ki, yeni taxıl mövsümündə qiymətlərdə hansısa dəyişiklik olsun”.

Bizim.Media