Gündəm / Siyasət
30 may 2024
0
Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH
Azərbaycanda humanizm və mərhəmət fəlsəfəsi üzərində qurulan əfv sərəncamlarının imzalanması artıq ənənəyə çevrilib. Əfvlə yanaşı, zaman-zaman amnistiya qərarları da qəbul edilir, yüzlərlə, bəzən minlərlə insan azadlığa qovuşur.
Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsipindən çıxış edərək mayın 25-də növbəti əfv sərəncamını imzalayıb. Sayca 70-ci əfv sərəncamı ümumilikdə 154 məhkuma şamil edilib.
Bəzi beynəlxalq təşkilatlar isə bu qərarı alqışlamaq əvəzinə, qərəzli şəkildə onu kiçiltməyə çalışırlar. Belə ki, əfv qərarı insan hüquq və azadlıqlarının təmin olunması və humanist addım kimi qəbul edilməli olduğu halda erməni lobbisinin təsiri altındakı Qərb strukturları, xüsusən də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik xidməti növbəti dəfə çirkin mövqe ortaya qoyub. Mayın 29-da Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik xidmətinin mətbuat katibi Peter Stano Azərbaycanda əfv aktı ilə bağlı bəyanat verib. Bəyanatda bildirilib ki, mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev 154 məhkumun əfv edilməsi haqqında sərəncam imzalayıb. “Keçmişdən fərqli olaraq bu il fərmana fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslər daxil edilməyib”, - deyə iddia olunub.
Rəsmi Bakı qərəzli və ikili standartlardan meydana çıxan bu bəyanata anındaca layiqli cavab verib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddiaların əks olunduğu bəyanatına dair şərhində bildirib ki, səsləndirilən qərəzli və qəbuledilməz bəyanat tamamilə rədd edilir. Qeyd edilib ki, Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur. “Müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət icra rejimi qanunlarının tələbləri çərçivəsində həyata keçirilir. Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir", - XİN rəsmisi qeyd edib.
Aİ nümayəndəsinin qərəzli açıqlamasında iddia olunub ki, saxlanılan şəxslər tibbi və digər yardımdan məhrum edilib. XİN rəsmisi bu iddiaların da heç bir əsası olmadığını vurğulayıb: "Aİ tərəfinin istinad etdiyi bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yardımla təmin olunurlar. Aİ-nin bir sıra Avropa ölkələri və siyasətçilərinin siyasi baxımdan verdikləri üstünlüklər əsasında müəyyən şəxsləri əfv etmək üçün əsassız ictimai tələbləri Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır".
Əvvəla, mətbuat katibinin bəyanatı Azərbaycanın daxili işinə qarışmaq və məhkəmə hakimiyyətinin müstəqilliyini şübhə altına almaq cəhdindən başqa bir şey deyil. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizlə bu şəkildə təhdid və şantaj dilində danışmaq yolverilməzdir.
İkincisi, saxta ittihamlarla Azərbaycanı hədəf seçmək, ölkəmizə guya insan hüquqları sahəsində dərs keçmək istəyi Avropa İttifaqının köhnə yaramaz adətidir. Aİ, ilk növbədə, Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün mandat və səlahiyyəti haradan aldığını izah etməlidir.
Üçüncüsü, on illərdir Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalan, tarixi-mədəni irsinə qarşı vandalizm törədilmiş yüzminlərlə azərbaycanlının taleyi ilə bağlı bir dəfə də olsun əməli addım atmayan, soydaşlarımıza qarşı törədilmiş cinayətləri görməzdən gələn Avropa İttifaqının indi ölkəmizə insan haqları ilə bağlı məsləhət verməsi ikrah doğurur.
Dördüncüsü, ikili standartlara əsaslanan bu yanaşma Avropa İttifaqının özü üçün ali dəyər hesab etdiyi insan hüquqları fəlsəfəsinə ziddir. Bu cür təxribatçı yanaşma eyni zamanda bölgədə davamlı sülhün əldə olunması üçün aparılan fəaliyyəti tamamilə əngəlləməyə hesablanıb.
Beşincisi, Qərb Azərbaycanın daxili ictimai-siyasi həyatına təsir rıçaqlarını itirdiyindən narahatdır və müxtəlif vasitələrlə, o cümlədən əsassız iddialar irəli sürməklə bu imkanları bərpa etməyə çalışır. Qeyd olunan “bəyanat”ın səslənməsi də bundan irəli gəlir.
Onu da yada salaq ki, Qərb Gürcüstanda qurduğu və hazırda ölkənin milli maraqlarına zidd şəkildə istifadə etdiyi şəbəkəni Azərbaycanda da qurmağa çalışırdı. Ancaq bu şəbəkənin vaxtında ifşa edilməsi və neytrallaşdırılması Gürcüstanda baş verən hadisələrin Azərbaycanda da təkrarlanmasının qarşısını aldı. Şübhəsiz ki, Qərbin Azərbaycan və digər ölkələrdə qurmağa çalışdığı şəbəkə zərurət yarandıqda ölkələrin daxili həyatını qarışdırmaq və öz istəyinə nail olmaq üçün bir mexanizmdir. Bu şəbəkə qanunazidd fəaliyyət göstərib, Qərb fondlarından ötürülən böyük məbləğdə vəsaitləri qeyri-leqal yollarla Azərbaycana keçirib. Vəsaitlərin bir qismi təyinatı üzrə istifadə olunub, digər qismi isə mənimsənilib. İndi Qərb ciddi cəhdlə bu qrant mafiyasının, ölkəmizin əleyhinə fəaliyyət göstərən şəbəkənin dirçəldilməsi üçün uğursuz cəhdlər göstərir.
Məsələn, ortada Ermənistan nümunəsi də var. Paşinyan hakimiyyəti bütün siyasi opponentlərini, müstəqil medianı və QHT-ləri susdurub, fəalları həbsə atdırıb, amma Qərb bütün bunlara göz yumur, Ermənistana qarşı heç bir ittiham irəli sürmür. Səbəb də bəllidir, onun Ermənistanla bağlı planları var. Bu ölkədə yerləşdirilən və genişləndirilən Avropa İttifaqı missiyası regionda destabilizasiya faktoru, Qərbin regiona hərbi müdaxiləsidir. Qərb Cənubi Qafqaz regionunda hibrid müharibə aparmağa çalışır.
Sonda bir məsələni də qeyd etmək yerinə düşər. Aİ rəsmisinin dilindən səslənən bəyanat ən azı bu əfvdən yararlanmış 150-dən çox ailəyə hörmətsizlikdir. Eyni zamanda, əfvi amnistiya aktı ilə müqayisə edərək amnistiyadan daha az insanı əhatə etməsi barədə iddialar da sadəcə savadsız populizmdir. Bir sözlə, milli birlik və həmrəyliyin tam təmin olunduğu bir vaxtda imzalanan əfv sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli yorumları bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz.(Report)
Daha çox xəbər:
Bu gün əfv sərəncamı imzalanacaq
CəmiyyətƏfv Komissiyasının növbəti iclası keçirildi - YENİLƏNİB
Gündəm / CəmiyyətSabah Əfv Komissiyasının növbəti iclası keçiriləcək
CəmiyyətƏfv sərəncamının icrası başa çatdı - YENİLƏNİB
Gündəm / SiyasətBu gün Əfv komissiyasının iclası keçiriləcək
Gündəm / Cəmiyyət