Gündəm / Cəmiyyət
26 sentyabr 2024
0
Albaniyanın yaratmaq istədiyi "müsəlman Vatikanı": Bektaşilik nədir?
Xəbər verdiyimiz kimi, Albaniyanın baş naziri Edi Rama paytaxt Tiranada Bektaşi təriqəti üçün Vatikana bənzər, suveren mikrodövlət qurmağı planlaşdırdıqlarını deyərək yeni müzakirələr başladıb. Yeni ölkənin Albaniyanın 4-cü ən böyük dini icması olan Bektaşilərin siyasi mərkəzi olması planlaşdırılır.
Modern.az xəbər verir ki, Ramanın ABŞ-da irəli sürdüyü təklif Albaniyada təəccüb doğursa da, təklifi “ictimaiyyətlə əlaqələr məşqi” kimi qələmə verən və Edi Ramanın siyasət tərzi ilə əlaqələndirən şərhlər səsləndirilib. Bildirilir ki, unitar dövləti nəzərdə tutan Albaniya konstitusiyası belə bir təşəbbüsə imkan tanımır.
BBC yazır ki, Türkiyədəki Bektaşi icması da bu təklifə qarşı "biz dövlətin nəzarətində olan dini istəmirik" deyərək etiraz edib. Albaniyada keçən il aparılan siyahıyaalmaya görə, Bektaşi icmasının əhalinin 10 faizini təşkil etdiyi təxmin edilir.
Edi Rama BMT Baş Assambleyasındakı çıxışında mikrodövlət planından söz açıb: “Məqsədimiz Tiranadakı Bektaşi Dünya Mərkəzini suveren bir dövlətə, yeni mötədillik, tolerantlıq və dinc yanaşı yaşama mərkəzinə çevirməkdir”.
BMT-dəki çıxışından bir neçə gün əvvəl Rama bu plan barədə "New York Times" qəzetinə danışmışdı. O bildirmişdi ki, bu yeni dövlətin məqsədi "Albaniyanın qürur duyduğu İslamın tolerant versiyasını" təbliğ etməkdir: "Biz bu dini tolerantlıq xəzinəsinə yaxşı baxmalıyıq".
Albaniyada “Baba Mondi” kimi tanınan Bektaşi təriqətinin lideri Edmond Bramihaj da “New York Times”a danışarkən mini dövlətdə spirtli içkilərə icazə veriləcəyini, qadınların geyiminə heç bir müdaxilənin olmayacağını və heç bir xüsusi həyat tərzi tətbiq edilməyəcəyini vurğulamışdı:
"Allah heç nəyi qadağan etmir, ona görə də bizə ağıl verib. Bütün qərarlar sevgi və mehribanlıqla qəbul ediləcək".
Mətbuatda əksini tapan planlara görə, Tirandakı Dünya Bektaşi Mərkəzindən ibarət olacaq mini dövlətin ərazisi Vatikanın ərazisinin beşdə biri qədər olacaq. Vətəndaşları isə yalnız Bektaşi din xadimləri və dövlət məmurlarından ibarət olacaq.
Hökumət başçısı təriqət rəhbəri olacaq, dini və ictimai fəaliyyət isə Şura tərəfindən idarə olunacaq. Bu planlar Albaniyadakı Bektaşi təriqəti tərəfindən müsbət qarşılanıb: "Bektaşi təriqətinin üstünlüyü getdikcə təcrid olunan dünyada inklüzivlik, dini harmoniya və dialoq dəyərlərinin gücləndirilməsi istiqamətində mühüm addımdır".
Bektaşilik nədir?
Bektaşilik təriqəti öz adını XIII əsr Anadolu türkmən dərvişi Hacı Bektaş-ı Vəlidən alıb. Təriqət sonradan iki qola bölünüb: Balkanlarda yaşayan müsəlmanlar arasında yayılmış Babaqanlar və Türkiyədə geniş yayılmış Çələbilər.
Hazırda Albaniyada dominantlıq edən Babaqan Bektaşilərinin başçıları evlənməkdən imtina edirlər. Çünki Hacı Bektaş-ı Vəlinin övladı olmadığına inanırlar. Türkiyənin Nevşehir vilayətinin Hacıbektaş rayonunda yaşayan Çələbilər isə Hacı Bektaş-ı Vəlinin nəslindən olduqlarına inanırlar.
Çələbilər Osmanlı dövləti tərəfindən tanınan bir şeyx ailəsi olub və Osmanlıların təsdiqi ilə Nevşehirdəki Hacıbektaşın rəhbərlik ediblər. Tədqiqatçılar Osmanlı dövründə Bektaşiliyin "ikili mövqeyə malik olduğunu" vurğulayır:
"Bir tərəfdən dövlətin qəbul etdiyi, qorunan və müxtəlif siyasi və hərbi məqsədlər üçün istifadə edilən bir təriqət olublar. Digər tərəfdən, onlar həmişə potensial kimi görünən və təzyiqə məruz qalan qruplar sırasında idilər"
Tarixçilər bildirir ki, XVI əsrdə Osmanlı və İranın apardığı müharibələr zamanı Bektaşi şeyxi Qələndər Çələbinin Osmanlılara qarşı üsyan etməsindən sonra bu təriqətlə dövlətin münasibətləri pozulub, lakin Osmanlı imperatorluğu 1600-cü illərin əvvəllərindən etibarən yenidən Çələbilərlə barışıb və əslində Çələbiləri dəstəkləyib.
Lakin bu, 1826-cı ildə Sultan II Mahmudun yeniçəri ordusunu və yeniçərilərlə eyniləşdirilən Bektaşi təriqətini qapatmasına qədər davam edib. Bundan sonra Çələbi Bektaşilər getdikcə ələvilərlə yaxınlaşıb və iç-içə olub. Babaqan qolu isə 1826-cı ildən sonra Çələbilərdən tamamilə ayrılıb.
Bundan sonra Bektaşilərin bir qismi indiki Albaniya ərazilərinə köçüb və əhəmiyyətli bir Bektaşi mərkəzinə çevrilib. 1930-cu illərdə indi mikrodövlətə çevrilməsi müzakirə olunan Dünya Bektaşi Mərkəzi yaradılıb. Bektaşilik Albaniyada milli kimliyin mühüm hissəsinə çevrilib.
Daha çox xəbər:
Edi Ramanın Azərbaycana səfəri başa çatdı
Gündəm / Siyasətİlham Əliyev Albaniyanın Baş naziri ilə GÖRÜŞDÜ
Gündəm / Siyasətİlham Əliyev Leyla Əliyevanın çəkdiyi rəsm əsərini Albaniyanın Baş nazirinə hədiyyə etdi
Gündəm / SiyasətAlbaniyanın Baş naziri Azərbaycana gəldi
Gündəm / SiyasətAzərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
Gündəm / Siyasət