Gündəm / Cəmiyyət
08 fevral 2022
28

Gah sələmə pul verir, gah adam döyür, gah da... - Tağı Əhmədovla bağlı İDDİALAR

Gah sələmə pul verir, gah adam döyür, gah da... - Tağı Əhmədovla bağlı İDDİALAR

Son günlər Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov müxtəlif xəbərlərlə gündəmə gəlir. Bir qədər əvvəl onun səhhətinin pisləşdiyi deyilirdi, yüksək qan təzyiqindən, şəkərdən əziyyət çəkdiyi, ayaqlarının tutulduğu, hərəkət imkanının məhdudlaşdığı bildirilirdi.

Milliinfo.az musavat.com-a istinadla xəbər verir ki, bir neçə gün öncə isə Tağı Əhmədovun yenə də məhkəmə işi ilə bağlı məlumatlar xəbərlərdə yer aldı. Belə ki, onun Yeni Azərbaycan Partiyasının (YAP) binasında adam döymək iddiası ilə istintaqda dindirildiyi bildirilir. Tağı Əhmədovun YAP-ın Yasamal təşkilatının binasında ona sələmlə pul verdiyini, qaytara bilməyəndə isə onu döydüyünü iddia edən Səadət Xəlilovun vəkili Hafiz Ələsgərov fevralın 4-də məhkəmədə bu barədə vəsatət qaldırıb. Vəkil deyir ki, aylardır bu məhkəmə prosesi davam edir və hər iclasda da Tağı Əhmədovun adı çəkilir.

Xəlilov 2 milyon manatlıq dələduzluqda suçlanır. Cinayət işinin materiallarında iddia olunur ki, o, Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən mərmər biznesi adı ilə pul alıb, sonra onu aldadaraq geri qaytarmayıb. Əliyev də bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Xəlilov isə deyir ki, yalandır. Pulun sahibi Tağı Əhmədovdur. Onun sözlərinə görə, Bakı Metropoliteninin sabiq rəisi pulu ona faizlə verib. Əvvəl 200 min, sonra 800 min, daha sonra 1 milyon manat sələmlə pul verib. Bunun müqabilində Əhmədova müəyyən qədər faiz də ödənilib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan İran və Qazaxıstandakı tərəfdaşları mərmərləri göndərmədiyindən biznes uğursuzluğa uğrayıb, pulu ödəyə bilməyib. Problemlər yarananda isə Tağı Əhmədovun həm özü, həm də qohumları tərəfindən zorakılığa məruz qalıb.

Xəlilov pulu qaytara bilməyəndə onu YAP-ın binasında döyməsi barədə təqsirləndirilən şəxsin dediklərinə gəlincə, Əhmədov ifadəsində bunu təkzib edib: “Elə şey olmayıb”.

Tağı Əhmədovun adam döydüyü doğrudurmu? Bu və digər məsələlərlə bağlı rəsmi qurumlardan mövqe almağa çalışdıq. Daxili İşlər Nazirliyinin, YAP-ın mətbuat xidmətlərindən bununla bağlı xəbərsiz olduqları, şikayət almadıqları bildirildi.

Onu da qeyd edək ki, Tağı Əhmədovun YAP-ın Yasamal rayon təşkilatının sədri vəzifəsindən azad olunmasının əsas səbəbi də sələmçiliklə məşğul olması göstərilirdi. 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov təqaüd yaşına çatdığı üçün YAP-ın Yasamal rayon təşkilatının sədri vəzifəsinə təyin olunmuşdu. Bununla belə, Tağı Əhmədov tutduğu mövqedə yenə də hökümətin adına xələl gətirdiyi üçün 2021-ci ilin sentyabr ayında bu vəzifəsindən də uzaqlaşdırıldı.

Xatırladaq ki, Tağı Əhmədov vaxtilə “MTN işi”ndə də zərərçəkmiş qismində idi. T.Əhmədov maaşından “yığdığı” 3 milyonu MTN generalı Akif Çovdarova verdiyini deyirdi.