---
18 oktyabr 2020
8

"BİZ ONLARI İTİ QOVAN KİMİ QOVURUQ, TORPAĞIMIZDAN RƏDD EDƏCƏYİK!" - Prezidentin xalqa müraciətinin TAM MƏTNİ + VİDEO

"BİZ ONLARI İTİ QOVAN KİMİ QOVURUQ, TORPAĞIMIZDAN RƏDD EDƏCƏYİK!" - Prezidentin xalqa müraciətinin TAM MƏTNİ + VİDEO

Milliinfo.az

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC-a istinadən müraciəti təqdim edirik:

Prezident İlham Əliyevin müraciəti

-Əziz həmvətənlər.

Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı soydaşlarımıza Allah şəfa versin!

Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz.

Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir.

Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizim torpağımızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır.

{{widget-content-19975}}

Bu günlər ərzində - 27-si sentyabr tarixindən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulubdur. Sadəcə olaraq, vətəndaşlarımızın diqqətinə bəzi rəqəmləri çatdırmaq istəyirəm. Bildirməliyəm ki, çatdıracağım siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib və əlbəttə ki, döyüş zamanı bunun dəqiq hesablanması mümkün deyil. Ancaq gətirəcəyim rəqəmlər əyani şəkildə göstərir ki, biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli.

Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Yəni bu, sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır? Bəzi hallarda bizə qarşı iradlar irəli sürülür ki, biz silahlanırıq, biz silah alırıq və bu, elə bil ki, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur, bəs Ermənistan silahlananda? Bəs bu kasıb, yoxsul ölkədə bu qədər silah-texnika haradandır və bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir və çox təhlükəli, böyük dağıdıcı gücə malik olan texnikalardır. Ona görə biz bu suallara cavab istəyirik və əminəm ki, biz bu cavabı alacağıq.

İndi isə son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsini xalqımın diqqətinə çatdırıram. Beləliklə, məhv edilmiş Ermənistan texnikası: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb. Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər və bu suallara biz cavab tapmalıyıq və tapacağıq.

Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!

Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir.

Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir.