Cəmiyyət / Təhsil
27 aprel 2020
29

Coğrafiya İnstitutu elmi seminarlarını onlayn davam etdirir

Milliinfo.azCoğrafiya İnstitutu elmi seminarlarını onlayn davam etdirir

 Coğrafiya İnstitutu elmi seminarlarını onlayn davam etdirir

Koronavirus pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimində AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu elmi seminarlarını onlayn şəkildə bərpa edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, ilk onlayn elmi seminarda institutun direktoru, akademik Ramiz Məmmədov əməkdaşların sosial təcrid şəraitində fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, əməkdaşlar plana uyğun olaraq elmi-tədqiqat işlərini məsafədən aparır, məqalələr üzərində işləyir, kütləvi informasiya vasitələrinə müsahibələr verirlər. Aprel ayının əvvəlindən bu günədək alimlər coğrafiyanın müxtəlif sahələrini əhatə edən və günün tələblərinə cavab verən mövzularda tədqiqat işləri aparıb, həmçinin KİV-də çıxışlar ediblər.

Akademik Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibovun və Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi Elnur Səfərovun Türkiyənin Samsun Universitetinin elmi işçisi Fatih Ocakla birgə hazırladıqları “COVID-19 Azərbaycan real zamanlı monitorinq sistemi”nin tətbiqindən danışarkən Coğrafiya İnstitutunun daha bir əhəmiyyətli layihəyə imza atdığını xüsusi qeyd edib.

İnstitut rəhbəri “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi üzərində gedən işlər barəsində məlumat verib, kitabın buraxılışına məsul, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənovun əsərin 3-cü cildinin vaxtında və yüksək səviyyədə ortaya qoyulması üçün bu işə böyük məsuliyyətlə yanaşdığını qeyd edib. O, həmçinin magistrantlar üçün onlayn dərslərin uğurla davam etdiyini diqqətə çatdırıb.

Sonra Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev “Koronavirus pandemiyasının coğrafiyası və dünya əhalisinin qida rasionu arasında mümkün əlaqələrin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Onlayn seminarda böyük elmi işçi Yaşar Nəsibov “COVID-19 Azərbaycan real zamanlı monitorinq sistemi”nin tətbiqi haqqında məlumat verib. Bildirib ki, bu sistem sutka ərzində dünyada və ölkəmizdə virusa yoluxanların, sağalanların, vəfat edənlərin, aktiv COVID-19 xəstələrinin və aparılan testlərin sayı haqqında məlumat əldə etməyə imkan yaradır. Sistemin tətbiqi ilə məkan analizlərinin təhlilinin aparılması, şəhər və rayonlar üzrə sürətli axtarış verilməsi və digər funksiyaların da yerinə yetirilməsi mümkündür. Rəsmi qurumlar tərəfindən gündəlik məlumatlar əldə edilərsə, şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.

Sonra Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə əməkdaşlarınn Ümumdünya Səhiyyə Təşkilatının “Təmiz əllər” kampaniyasında iştirakı barədə məlumat verib. O, həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin karantin dövründə fəaliyyətindən danışıb.

Coğrafiya İnstitutunun karantin dövründəki fəaliyyətini müsbət qiymətləndirən direktor iclasa yekun vuraraq, xalqımızın tezliklə koronavirus bəlasından qurtulacağına və elmi iclasların yenidən elmi müəssisə daxilində keçiriləcəyinə ümid bəslədiyini bildirib.