Gündəm / Siyasət
05 dekabr 2022
12
XİN Ceyhun Bayramovun Lavrovla müzakirə etdiyi məsələləri AÇIQLADI
Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun dekabrın 5-də Moskvada Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşdə müzakirə etdiyi məsələləri açıqlayıb.
Qurumdan bildirilib ki, görüşdə Azərbaycan-Rusiya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, iqtisadiyyat, təhsil, nəqliyyat və digər ikitərəfli və regional sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri, üçtərəfli bəyanatların icrası müzakirə edilib.
C.Bayramov Azərbaycan və Rusiya arasında yüksək səviyyəli dialoqun və sıx təmasların olmasından məmnunluq ifadə edib. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının cari ildə 30 illik yubileyinin qeyd olunduğunu söyləyən nazir, müxtəlif tədbirlərin keçirildiyini və bu tədbirlərin ikitərəfli münasibətlərə töhfə verəcəyini qeyd edib.
Azərbaycanlı nazir, həmçinin post-münaqişə dövründə sülh gündəliyi və Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib.
Ermənistanın prosesi ləngitmək cəhdləri, Üçtərəfli Bəyanat, xüsusilə də 4-cü və 9-cu bəndlər üzrə öhdəliklərini yerinə yetirməməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb. Azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən söz açan C.Bayramov Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkar edilməsinin Ermənistan tərəfindən öhdəliklərinin ciddi şəkildə pozuntusu olduğunu və sülh prosesinə xələl gətirdiyini vurğulayıb. Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub.
Geniştərkibli görüşdən sonra Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb.
Daha sonra, nazirlərin iştirakı ilə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş poçt markalarının xüsusi poçt ştempeli ilə damğalanması mərasimi keçirilib. Eyni zamanda, yeni nəşr olunmuş Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin toplusunun 2-ci cildi təqdim edilib.
Qeyd edək ki, C.Bayramov dekabrın 4-5-də Rusiya paytaxtında işgüzar səfərdə olub.
Daha çox xəbər:
Ceyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / SiyasətCeyhun Bayramov Polşanın XİN rəhbəri ilə görüşüb
SiyasətCeyhun Bayramov Dmitri Kuleba ilə görüşdü
Gündəm / CəmiyyətCeyhun Bayramov İranın yeni səfiri ilə görüşüb
Siyasət / DünyaXarici İşlər Naziri Ceyhun Bayramov İran islam Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdi
Gündəm / Cəmiyyət