Gündəm / Cəmiyyət
24 yanvar 2023
7

İpotekaya görə sistem çökdü

İpotekaya görə sistem çökdü


“Elektron ipoteka və kredit zəmanət” sistemində problem yaranıb. Müraciətlərin qəbulu təxirə salınıb.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan (İKZF) məlumat verilib. İKZF müvəkkil banklara kreditləşmə üçün yeni limitlər ayırıb. Limitlər bu gün saat 11:00-da aktivləşdirilməli idi.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

Hazırda isə sistemdə problem yarandığına görə vətəndaşlar müraciət edə bilmədiklərini bildirirlər. Onların sözlərinə görə, hazırda ipoteka sisteminə daxil olmaq mümkün deyil.

İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumatda "İpoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 24 yanvar 2023-cü il tarixinə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi qısa müddətə təxirə salınıb. İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəkdir", - deyə qeyd olunub.