Gündəm / Siyasət
14 fevral 2023
0
Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev 2019-ci ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə iştirak etmək üçün Qana Prezidenti Nana Akufo-Addonun Azərbaycana səfərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstəyin və göstərdiyi etimadın ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı, Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyəti vurğuladı və bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu dedi.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcəyini bildirdi. Azərbaycan Prezidenti ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğuladı.
Səfir də öz növbəsində Qana Prezidentinin 2019-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırladı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd etdi. Diplomat Azərbaycana Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətində uğurlar arzuladı.
Azərbaycanda yaradılmış infrastrukturdan və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnunluğunu bildirən səfir ölkəmizin davamlı inkişaf sahəsində təcrübəsinin maraqlı olduğunu qeyd etdi. O, həmçinin ölkələrimiz arasında təhsil, kənd təsərrüfatı, mədən sənayesi kimi sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrə ayırdığı təhsil qrantı çərçivəsində Qanadan olan 10-a yaxın tələbənin ölkəmizin müxtəlif təhsil müəssisələrində ali təhsil aldığını bildirdi.
Səfir təhsil sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi vurğuladı, Azərbaycanın neft-qaz sahəsində ali təhsil müəssisələrinin rolunu xüsusi qeyd etdi.
Diplomat Azərbaycana mütəmadi səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə səmərəli əməkdaşlığın qurulacağına və ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyən ediləcəyinə ümidvar olduğunu dedi.
***14:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də San-Marino Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanın etimadnaməsini qəbul edib.
Səfir Con Matsa etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında siyasi, iqtisadi, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur və bu xüsusda təmaslar daha da fəallaşdırılıb.
Prezident İlham Əliyev San-Marino rəhbərlərinin 2015-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırladı, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlığını ifadə etdi.
Səfir Con Matsa ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğuladı, San-Marinonun Azərbaycanla münasibətləri dərinləşdirməkdə, siyasi, həmçinin mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Səfir bundan sonra mütəmadi əsasda Azərbaycana səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə görüşlər keçirəcəyini və əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
San-Marinonun İtaliya ilə də çox sıx əlaqəsinin olduğunu vurğulayan diplomat bu çərçivədə də ölkələrimiz arasında xüsusilə təhsil və turizm sahələrində əməkdaşlıq üçün imkanların mövcudluğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı öz növbəsində bildirdi ki, ölkəmizin həm İtaliya, həm də Vatikan ilə çox yaxşı münasibətləri var. İtaliya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Prezident İlham Əliyev, həmçinin özünün Vatikana və Roma papalarının Azərbaycana səfərlərini məmnunluqla xatırladı. Bu əsnada ölkələrimiz arasında yaxşı əməkdaşlıq imkanlarının olduğunu qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə San-Marinonun işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması, San-Marinonun turizm imkanlarının ölkəmizdə təqdim olunması, habelə təhsil sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edib.
Daha çox xəbər:
"Azərbaycan Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi edəcək" - Prezident
Gündəm / SiyasətPrezident yeni səfirləri qəbul etdi - Yenilənib
Gündəm / Siyasətİlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi
Gündəm / Siyasətİlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi
SiyasətPrezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR
Gündəm / Siyasət