Gündəm / Şou
15 aprel 2023
4

Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlanıb

Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlanıb


"Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlanıb".

Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.

Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.

Milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Azərbaycan Respublikası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyayaya və bu qəbildən olan bütün əməllərin cəzalandırılmalı olması ilə bağlı prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir, eləcə də beynəlxalq ictimaiyyəti Ermənistanı kəskin qınamağa, o cümlədən Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırır.