Gündəm / Cəmiyyət
18 aprel 2023
0

"Sülh müqaviləsi bu halda reallaşacaq" - Paşinyan


"Azərbaycan enerji və logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı bildirib.
O, regionda sabitliyin Qərblə Rusiya arasında konsensusa çevrilmə ehtimalını deyib: "Cənubi Qafqazın özü böyük bir kəsişmədir və burada Ermənistan və Gürcüstanın rolu heç də az əhəmiyyət kəsb etmir. Bu kontekstdə regionun sabitliyi və sülhü Qərblə Rusiya arasında konsensusa çevrilə bilər, çünki regionumuzda yenidən münaqişə yaranarsa, bu, enerji baxımından həm Rusiya, həm də Qərb üçün problemə çevrilə bilər".

Baş nazir qeyd edib ki, Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamaq üçün mümkün olan hər şeyi edir: "Əgər iki ölkə bir-birinin ərazi bütövlüyünü açıq şəkildə tanısa və bu gün və heç vaxt bir-birinə ərazi iddiası irəli sürməməyi öhdəsinə götürsə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi reallaşacaq. Biz bu barədə 2022-ci ildə Praqa və Soçidə Azərbaycan prezidenti ilə razılaşdıq, lakin həm İrəvandan, həm də Bakıdan qarşı tərəfi razılaşmalara əməl etməməkdə ittiham edən rəsmi bəyanatlar verilir. İndi bir daha bəyan etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır".