Gündəm / Cəmiyyət
15 iyul 2023
1

FHN-dən hava şəraiti ilə bağlı əhaliyə müraciət

FHN-dən hava şəraiti ilə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən verilən xəbərə görə, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 16-dan 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı, bir sıra yerlərdə yağıntının intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”.