Gündəm / Siyasət
20 sentyabr 2023
0
Antiterror tədbirləri dünya mediasının diqqət mərkəzində
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.
Materiallarda bildirilir ki, lokal xarakterli antiterror tədbirlərinin məqsədinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsidir.
Modern.az onlardan bəzilərinin qısa icmalını təqdim edir:
akhbaralaan.net saytı Azərbaycanın Müdafiə Nazirliyinin məlumatlarına istinadla yazır ki, bölgədə lokal antiterror tədbirlərinə başlanılıb və bu tədbirlər çərçivəsində yüksək dəqiqliyə malik silahlardan istifadə edilir. Qeyd olunur ki, separatçıların terror aktları nəticəsində Azərbaycan tərəfdən 4 polisin və mülki vətəndaşların həlak olmasından sonra antiterror tədbirlərinə start verilib. Azərbaycan Ermənistandan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən dərhal çıxarmağı və separatçı rejimin ləğvini tələb edir.
Həmçinin diqqətə çatdırılır ki, bölgədəki vəziyyət barədə Azərbaycandakı diplomatik nümayəndəliklər məlumatlandırılıb. Brifinqdə Azərbaycanın Ermənistan tərəfinin təxribat xarakterli addımları ilə üzləşdiyi, Qarabağ bölgəsində keçirilən “prezident seçkiləri”nin həmin təxribatlardan biri olduğu vurğulanıb.
24.ae portalında qeyd olunub ki, Azərbaycan Qarabağda 6 azərbaycanlının mina partlayışı nəticəsində həlak olmasından sonra antiterror əməliyyatına başlayıb. “Tədbirlər çərçivəsində və yüksək dəqiqlikli silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin bölmələrinin ön xətdə yerləşən mövqeləri və dərinlikdə yerləşən uzaqmənzilli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri yararsız hala salınıb”, - deyə Azərbaycan Müdafiə Nazirliyinə istinadla vurğulanıb.
cnn.gr, typos-i.gr, liberal.gr, capital.gr, naftemporiki.gr, skai.gr kimi saytlarda da qeyd olunub ki, Azərbaycan Qarabağ bölgəsinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərində antiterror tədbirlərinə başlayıb. Azərbaycanın Müdafiə Nazirliyinə istinad olunaraq bildirilib ki, cəbhə xəttində, eləcə də dərinlikdə hərbi infrastrukturun məhv edilməsi üçün yüksək dəqiqliyə malik silahlardan istifadə olunur. Azərbaycanın Müdafiə Nazirliyi, həmçinin bəyan edib ki, mülki şəxslər separatçıların hərbi obyektlərinə yaxınlaşmasınlar.
Bundan əvvəl Azərbaycanın 6 vətəndaşı qeyri-qanuni erməni silahlılarının basdırdıqları minaya düşərək həlak olub.
Saytlarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla bildirilib ki, Azərbaycan Qarabağdakı antiterror tədbirlərinin əsas məqsədlərini yerinə yetirməyə yaxındır, bəzi hərbi hədəflər zərərsizləşdirilib.
Azərbaycanın Prezident Administrasiyası bəyan edib ki, Azərbaycan bir sıra şərtləri yerinə yetirəcəkləri təqdirdə, bölgədə yaşayan ermənilərlə Yevlaxda görüşməyə hazırdır. Lakin antiterror tədbirlərini dayandırmaq üçün qeyri-qanuni erməni hərbi birləşmələri ağ bayraq qaldırmalı, bütün silahları təhvil verməli və qeyri-qanuni rejimi ləğv etməlidir.
“Qarabağda erməni əsilli vətəndaşların hüquqlarına və təhlükəsizliyinə Azərbaycan Konstitusiyasının və beynəlxalq öhdəliklərinin tələb etdiyi kimi hörmətlə yanaşılacaq”, - deyə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
1tv.ge, szeretlekmagyarorszag.hu, telex.hu, radiofarda.com saytları da bölgədəki vəziyyəti diqqətdə saxlayırlar. Onların yaydıqları informasiyalarda qeyd olunur ki, Qarabağda son mina partlayışları nəticəsində 6 nəfər həlak olduqdan sonra Azərbaycan antiterror tədbirinə başlayıb.
Saytlarda Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinadla deyilir: “Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun Qarabağ bölgəsindəki mövqelərinin sistemli şəkildə atəşə tutulması, ərazilərin davamlı olaraq minalanması, mühəndis-döyüş mövqelərinin təkmilləşdirilməsi istiqamətində işlərin aparılması, eləcə də səngərlərin sayının artması son aylarda gərginliyin daha da artmasına səbəb oldu.
Cəbhə xəttində və dərinlikdə yüksək dəqiqlikli silahların tətbiqi ilə həyata keçirilən əməliyyatlar çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri məhv edilir. Bir daha bildiririk ki, mülki şəxslər və mülki infrastruktur hədəf deyil, yalnız qanuni hərbi hədəflər vurulur. Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandanlığına və Türkiyə-Rusiya Monitorinq Mərkəzinin rəhbərliyinə görülən işlər barədə məlumat verilib”.
Qardaş ölkənin mətbuatı da Qarabağdakı vəziyyət barədə son məlumatları paylaşırlar. Məlumatlarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin son açıqlamalarına geniş yer verilib, Azərbaycanın Müdafiə Nazirliyinin məlumatları, antiterror tədbirlərinin gedişatı geniş işıqlandırılıb.
“Hürriyet”, “Turkiye Gazetesi”, “Posta”, “AHABER”, “TRT Avaz” media orqanlarının internet portallarında bildirilib ki, Azərbaycan Qarabağ üçün gözlənilən addımı atdı. Azərbaycan Müdafiə Nazirliyi Qarabağda antiterror tədbirlərinə başladığını açıqlayıb. Buna səbəb son mina terroru oldu. Separatçıların basdırdıqları minaların partlaması nəticəsində Azərbaycan vətəndaşları həlak oldu. Bundan sonra Azərbaycan Müdafiə Nazirliyi Qarabağda konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirinə başladığını açıqladı.
Materiallarda separatçıların hərbi mövqelərinin Azərbaycan Ordusu tərəfindən sərrast atəşlə vurulmasını əks etdirən videolar da yerləşdirilib.
Facebook-da paylaş
Daha çox xəbər:
Ordumuz lokal xarakterli antiterror tədbirlərinə BAŞLADI
Gündəm / CəmiyyətLokal xarakterli antiterror tədbirləri uğurla davam edir - VİDEO
Gündəm / CəmiyyətPrezident lokal antiterror tədbirlərindən danışdı
Gündəm / SiyasətDünya azərbaycanlılarından antiterror tədbirləri ilə bağlı BƏYANAT
Gündəm / CəmiyyətMüdafiə Nazirliyi brifinq keçirdi - VİDEO
Gündəm / Cəmiyyət