Gündəm / Siyasət
06 noyabr 2023
3

Sahibə Qafarova Baş nazirlə regionu müzakirə etdi

Sahibə Qafarova Baş nazirlə regionu müzakirə etdi


Noyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Milli Məclisin sədri, ölkələrimizi birləşdirən dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıqdan danışıb, son illər ərzində ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib, ikitərəfli münasibətlərin dərinləşməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin əhəmiyyəti vurğulayıb, hər iki ölkə başçısının səfərlərinin əhəmiyyətini qeyd edib.

Söhbətdə müxtəlif sahələrdə əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığın əhəmiyyətinə toxunun parlamentin spikeri, Azərbaycan və Xorvatiya xalqları arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın davam etdirilməsinin, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi fəaliyyətlərin dəstəklənməsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini qeyd edib.

Görüşdə parlamentlərarası əlaqələrdən danışan spiker Sahibə Qafarova, bu ilin may ayında Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizə səfər edən Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviçlə keçirdiyi görüşü məmnuniyyətlə xatırlayıb. O, mövcud parlamentlərarası əlaqələri Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amil kimi qiymətləndirib.

Söhbət zamanı, ikitərəfli münasibətlərin inkişafında hər iki ölkə parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının rolu vurğulanıb, müntəzəm təmasların, dialoq və fikir mübadiləsinin mövcud əlaqələrin dərinləşdirilməsində xüsusi rolu qeyd olunub.

Görüşdə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud olan vəziyyət, cari ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işləri barədə danışılıb.

S.Qafarova deyib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Ölkəmiz 30 il dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmayıb. 2020-ci ildə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan sülh istəyir və sülhün əldə olunması bütün regionda sabitlik və təhlükəsizliyi təmin edəcək.

Azərbaycan parlamentində olmaqdan məmnunluğunu bildirən Baş nazir Andrey Plenkoviç, ölkəmizə səfərinin məqsədləri və keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq Xorvatiya ilə Azərbaycan arasında qarşılıqlı səfərlərin önəmini dəqqətə çatdıraraq, bu səfəri çərçivəsində bir çox məsələlər haqqında müzakirələr apardığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.