Gündəm / Mədəniyyət
18 noyabr 2023
0

“İçi mən qarışıq, hər kəs özünü yığışdırmalıdır!”

“İçi mən qarışıq, hər kəs özünü yığışdırmalıdır!”

Son illər yerli şou-biznes nümayəndələrinin bir çoxu verilişlərə getməkdən imtina edirlər. Onlar verilişlərin keyfiyyətindən gileylənir, müğənnilərə hörmətsizlik edildiyini iddia edirlər.

Məsələ ilə bağlı danışan müğənni Nadir Qafarzadə də hər verilişə getmədiyini, getdikləri ilə də öncədən şərt kəsdiyini açıqlayıb:

"Bu gün aləm bir-birinə dəyib, kim harada nə işlə məşğuldur bilinmir. Artıq mən özüm seçirəm gedəcəyim verilişləri. Hətta nəinki verilişi, orada məndən başqa gələcək qonaqları da soruşuram. Çünki mən gedib studiyada sürprizlə qarşılaşmaq istəmirəm, bəlkə gələn elə adam olacaq ki, mənim onunla sözüm düz gəlməyəcək? Bunu etməyə haqqım var, buna yaşım da, fəaliyyətim də, sənət stajım da çatır. Artıq mən gedəcəyim yeri özüm seçirəm, öncədən şərtlərimi bildirirəm, hər verilişə də getmirəm".

Sənətçi bəzi proqramlarda biabırçı hallar yaşandığını və bunun izləyici kütləsi cəlb etmək məqsədilə edildiyini bildirib:

"Ümumiyyətlə, düşünürəm ki, verilişlərimizə əl gəzdirilməli, bəzi aparıcılara "stop" deyilməlidir, artıq bunun zamanıdır. Çox biabırçı hallar yaşanır, bazara çevrilmiş efirlər görürük, bir çoxlarında demək olar ki, efir mədəniyyəti qalmayıb. Tamaşaçı da bundan küsür, inciyir və efirə baxmaqdan qaçır və sosial şəbəkələrə, "YouTube"a üz tutur. Efirlər artıq tamaşaçıları itirməyə başlayıb, bunun da günahkarı elə özləridir. Söhbət bəzilərindən gedir, təbii ki, bu, bütün verilişlərə aid deyil, keyfiyyətli verilişlərimiz var.

Bəziləri düşünür ki, veriliş vaxtı biabırçı hallar baş versə, baxan çox olacaq, bu, insanlar üçün maraqlı olacaq. Amma insanların da gözü açılıb, onlar bunu hiss edirlər, artıq tamaşaçını aldatmaq olmur. Ona görə düşünürəm ki, özünə, yaşına, sənətinə hörmət edən ifaçılar hər verilişə getməməlidirlər. Düzdür, bəzən olur ki, illərdir tanış olduğun, duz-çörək kəsdiyin adamlar verilişinə dəvət edir və getməli olursan. Amma bu zaman da şərt qoyuram ki, mən yalnız oxumağa gəlirəm, müğənniyəm və peşəm oxumaqdır, mən efirə kiminsə problemini həll etməyə getmirəm, nə də siyasətçi, iqtisadçı, psixoloq deyiləm ki, gedib kiməsə dərs keçim, kiminsə taleyini müzakirə edim, insanların əsəbləri ilə oynayım. Mən ifaçıyam və ancaq oxuya bilərəm. Ola bilər ki, hansısa mövzuda fikrimi bildirim, bu zaman da ancaq şəxsi fikrimi deyirəm, heç kəsə məsləhət vermirəm. Onsuz da indi heç kəs məsləhətə qulaq asmır, fikirləşir ki, məsləhət verənsənsə, özünə ver.(Yenisabah.az)

Fikrimcə, içi mən qarışıq, artıq hər kəs özünü yığışdırmalıdır. Yetər ki, telekanallarımız mədəniyyəti təbliğ etsinlər, bazarı yox".