Gündəm / Cəmiyyət
14 dekabr 2023
0
Hökumət rəsmiləri ərzaq qiymətlərini müzakirə etdi
Dekabrın 14-də Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədovun sədrliyi İşçi Qrupun iclası keçirilib.
Nazirlər Kabinetindən Yenixeber.org-a verilən məlumata görə, iclasda 2023-cü ilin yanvar-noyabr aylarında istehlak bazarında qiymətlərin dəyişməsi, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları, əhaliyə göstərilmiş ödənişli xidmətlər, ərzaq bazarında idxal olunan məhsulların qiymət indeksi, kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti, Hökumətin Antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub.
Qeyd olunub ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə 2023-cü ilin yanvar-noyabr aylarında orta illik inflyasiya birrəqəmli səviyyədə 9.4 faiz, illik inflyasiya 2.6 faiz təşkil etmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı son məlumata görə noyabr ayında ərzaq qiymətləri indeksi son bir ildə 10.6% ucuzlaşıb. İnflyasiyanın dinamikası xarici amillərin və həyata keçirilən antiinflyasiya siyasətinin təsirləri ilə azalıb.
İclasda ərzaq məhsulları qrupunda ən çox qiymət artımı müşahidə edilən məhsullar üzrə bazar araşdırılması, istehsal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında fərqlərin yaranma səbəbləri, istehlak qiymətləri indeksinin hesablanmasında istifadə olunan təmsilçi məhsullar üzrə idxalda təmərküzləşmə səviyyəsi, kənd təsərrüfatı məhsullarının satışı və dərman vasitələri bazarında aparılan rəqabət təhlillərinin nəticələri, idxal və yerli istehsal məhsulu əsasında təchizat zənciri boyunca formalaşan xərclər və antiinflyasiya xarakterli pul siyasəti barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank tərəfindən görülən işlərə dair məlumat verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Qiymət İzləmə Tətbiqinin” əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi təqdim olunub və bu istiqamətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması məqsədəuyğun hesab olunub.
İclasın yekununda “İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrupun rəhbəri tərəfindən növbəti ildə də antiinflyasiya tədbirlərinin davam etdirilməsi, daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi və onun səbəblərinin araşdırılması, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi istiqamətində zəruri işlərin görüləcəyi qeyd olunub. Rəqabət Məcəlləsinin qəbul olunmasının da bu proseslərə müsbət təkan verəcəyi bildirilib.
Daha çox xəbər: