Gündəm / Sosial
18 yanvar 2024
0

11 yaşlı Rasimdən 23 gündür xəbər yoxdur...


Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevdən hələ də xəbər yoxdur.

Boztəpə kanalında batdığı ehtimal edilən Rasim 1 aya yaxındır ki, axtarılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov müraciətimizə belə cavab verdi: “Ötən ilin dekabr ayının 26-da saat 14 radələrində İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü R.Xankişiyevin yaşadığı kəndin ərazisindən keçən “Boztəpə” su kanalına düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər icra olunub.

Həmçinin azyaşlının ola biləcəyi ehtimal olunan su kanallarında Azərbaycan Respublikası Fövləqadə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarış tədbirləri aparılıb, lakin nəticə əldə etmək mümkün olmayıb”.

Açıqlamada qeyd edilib ki, faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Azyaşlının tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri bütün tədbirlər icra olunur.

Məlumat üçün bildirək ki, Rasimin ailəsi onun axtarışları ilə bağlı ARB TV-də yayımlanan “Səni Axtarıram” verilişinə də qatılıb. Həmin verilişdə hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşılan xəbərlərə yazılan şərhlər də müzakirəyə çıxarılıb. İzləyicilərdən biri azyaşlının TIR sürücüsü tərəfindən vurulduğunu və bundan sonra kanala atıldığını iddia edib.