Gündəm / Dünya
19 yanvar 2024
0

İran Pakistana niyə hücum edib? - "Daxili təzyiqlər var"



İran və Pakistan arasında bu həftə baş verən toqquşma Yaxın Şərqdə yeni müharibənin başlayacağı ilə bağlı narahatlıqları artırıb.

Modern.az-ın məlumatına görə, İran çərşənbə axşamı Pakistanın cənub-qərbində məskunlaşmış, əsasən sünni müsəlman silahlardan ibarət olan "Ceyş əl-Ədl" adlı qruplaşmaya zərbələr endirib.

Zərbələr nəticəsində 2 azyaşlı həlak olub, yaralılar var. İran qruplaşmanın İŞİD terror təşkilatı ilə əlaqəli olduğunu iddia edir. Qərb mətbuatı yazır ki, təşkilatın üzvlərinin bir çoxu əvvəllər İŞİD-ə beyət etmiş "Cundallah" kimi tanınan, lakin artıq fəaliyyətini dayandıran silahlı qruplaşmanın üzvləri olub. Qeyd edək ki, bir müddət əvvəl İranda 100-ə yaxın şəxsin ölümünə səbəb olan partlayışlara görə məsuliyyət İŞİD öz üzərinə götürüb.

Pakistan İranın qanunsuz hücumuna cavab olaraq bu ölkənin ərazisinə zərbələr endirib. Bu, 1980-88-ci illərda baş verən İran-İraq müharibəsindən sonra İran ərazisinə ilk hava hücumu olub. Zərbələr nəticəsində 9 nəfər ölüb.

İran Pakistandan əvvəl İraq və Suriyada da hücumlar həyata keçirib. Tehran iddia edir ki, hücum etdikləri mövqelər İsrail kəşfiyyatı ilə əlaqəli olub.

Bəziləri iki ölkə arasında toqquşmanı Yaxın Şərqdə yeni müharibə kimi qiymətləndirir. Lakin toqquşma İsrail və HƏMAS arasında gedən müharibə zonasından çox uzaqda, separatçı qrupların tez-tez hücumlar həyata keçirdiyi ucqar sərhəd bölgələrində baş verib. Pakistan və İran rəsmiləri bir-birlərini hücumlarda iştirakda ittiham edirlər.

Ekspertlər deyir ki, İranın Suriya, İraq və Pakistana hücumu daha çox daxili sabitliyi təmin etmək üçündür. İranda 100-ə yaxın şəxsin ölümünə səbəb olan partlayışdan sonra ölkə daxilində silahlı qrupların aktivləşəcəyi barədə narahatlıqlar artıb. Tehran sözügedən narahatlıqları aradan qaldırmaq üçün xarici hücumlar həyata keçirib.

Rejim daxilində həm Yaxın Şərqdəki İran tərəfindən dəstəklənən qruplaşmalara zərbələr, həm də ölkə daxilindəki partlayışlara cavab verməyi tələb edən şəxslərin olduğu bildirilir. "İran hakimiyyəti daxili təzyiqlərə cavab vermək məqsədilə xarici ölkələrə zərbələr endirib", - amerikalı ekspertlərdən biri belə deyir.

Pakistan hücuma etiraz olaraq öz səfirini İrandan geri çağırıb. Tehran Pakistanın zərbələrini kəskin şəkildə pisləyib, mülki əhalinin həlak olduğunu bildirib və izahat vermək üçün Pakistanın İrandakı ən yüksək vəzifəli diplomatını çağırıb.

Lakin tərəflərin heç biri öz bəyanatlarında hadisələri Qəzza müharibəsi və ya Yaxın Şərqdəki gərginliklə əlaqələndirməyib.

Qərb mətbuatına danışan İranın hakim din xadimlərinə yaxın mənbələr Kirman şəhərində baş verən partlayışı “rəhbərlik üçün biabırçılıq” kimi qiymətləndirib. Hadisə İranın təhlükəsizlik siyasətində boşluqların olduğunu göstərib.