Gündəm / Dünya
23 fevral 2024
0

Kreml Paşinyanı cavabsız qoymayacaq: sui-qəsd təşkil edə bilər


“Parisdə Nikol Paşinyanın beynini əməllicə doldurublar. Əgər Paşinyan ötən il “Azərbaycanla sülh sazişi imzalamağa yaxınıq” deyirdisə, indi Azərbaycanın Ermənistan ərazilərini işğal edəcəyindən və müharibə təhlükəsindən danışır”.

Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu Başda Nikol Paşinyan olmaqla Ermənistan rəsmilərinin müharibə iddialarına münasibət bildirərkən deyib.

“Paşinyanın son davranışları qarşılığında Fransa rəsmiləri “Ermənistanı Azərbaycandan qoruyacağıq” kimi açıqlamalar verirlər. Əvvəlcə Paşinyanı Parisə çağırdılar, o geri dönməyə macal tapmamış Fransanın müdafiə naziri İrəvana gəldi və Ermənistanı yeni hərbi texnika ilə təhciz edəcəklərini vurğuladı. Bunun ardınca, Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini donduracağı barədə açıqlama verdi. Bütün bunlar Parisin planının tərkib hissəsidir”, - ekspert vurğulayıb.

E.Şahinoğlunun qənaətinə görə, Parisdə Paşinyana söz veriblər ki, İrəvan KTMT-ni tərk edə bilsə və Rusiya hərbi bazasından qurtulsa, Fransa hərbi kontingenti Ermənistanda yerləşdiriləcək və bu onların təhlükəsizlik təminatı olacaq.


“Növbəti gediş Kremlindir. Rusiya Paşinyanla Makronun birgə planlaşdırdıqları imic zərbəsinə tuş gəlməmək üçün Ermənistanda qarışıqlıq yaratmaqdan tutmuş Nikol Paşinyana qarşı sui-qəsd təşkil etməyə qədər vasitələri nəzərdən keçirəcək. İkinci Qarabağ müharibəsindən sonra bu alınmadı, Kreml növbəti cəhdə baş vuracaq. Oyunçu aparsın!”.