Gündəm / Sosial
16 aprel 2024
0

Ələt-Astara magistralında təhlükəli vəziyyət


“Yüksək sürət həddinə görə Ələt-Astara magistral yolunun kənarları çəpərlənir. Bunun səbəbi isə heyvanların yol kənarlarına çıxmasının qarşısını almaqdır. Amma bəzi yerlərdə həmin çəpərlər sökülür, heyvanlar yola buraxılır”.

Bu şikayətlə “Qafqazinfo”ya adıçəkilən yoldan istifadə edən vətəndaşlar üz tutublar.

Sürücülər bu problemlə əsasən Masallı, Lənkəran, Astara ərazisində rastlaşdıqlarını qeyd edirlər: “Bu problemlə tez-tez üzləşirik. Çəpərlər sökülərək heyvanların yola çıxmasına şərait yaradılır. Bu cür hallar həm də ağır qəzaların, təhlükənin yaranmasına səbəb ola bilər. Buna görə dəfələrlə aidiyyəti üzrə müraciət etmişik. Ancaq heç bir dəyişiklik yoxdur”.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, sözügedən ərazidə çəpərlər yol istismara verilən zaman quraşdırılıb: “Həmin yol inşa edilən, istismara verilən zaman yol kənarına çəpərlər quraşdırılıb. Çünki həmin yol sürətli, magistral yoldur. Yəni ora canlının çıxması olduqca təhlükəlidir. Əfsuslar olsun ki, oradaki vətəndaşlar çəpərləri kəsib, heyvanları, mal- qaranı yol kənarına buraxırlar. Bu da nəticədə bədbəxt hadisə ilə sonlanır”.

Həmçinin qurumdan bildirilib ki, əraziya mütəmadi baxış keçirilir: “Əməkdaşlarımız mütəmadi olaraq əraziyə baxış keçirsələr də, bu kimi hallar təkrarlanır. Yol inşa olunanda xüsusi keçidlər qoyulur. Bu da yolun bir tərəfindən digər tərəfinə həm insanların, həm də heyvanların təhlükəsiz şəkildə keçməsini təmin edir. Burada problem insanların çəpərləri sökməsidir”.

Lənkəran Şəhər İcra Hakimiyyəti isə məsələyə belə münasibət bildirib: “Lənkəran Şəhər İcra Hakimiyyətinin tapşırıq və tövsiyələrinə uyğun olaraq inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən yol ətrafındakı mühafizə çəpərlərinin sökülməsinin, habelə mal-qaranın nəzarətsiz yollara buraxılmasının törədə biləcəyi təhlükə və fəsadlar barədə yerlərdə sakinlərlə müntəzəm maarifləndirmə işləri aparılır və sözügedən məsələ daim nəzarətdə saxlanılır”.