Gündəm / Siyasət
30 aprel 2024
1

Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir - Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH


Afrikanı və dünyanın fərqli regionlarını hələ də müstəmləkəsi kimi görən, vaxtilə qətliamlar törədən, əli milyonlarla insanın qanına batan Fransa hazırda xarici və daxili siyasətində ciddi problemlər yaşamaqdadır. Hakimiyyətin yarıtmaz idarəçiliyinin nəticəsidir ki, indi bu dövlət keçmiş müstəmləkələrindən biabırçı formada qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən artır.

Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir. Məsələn, son etiraz aksiyalarında Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb. İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. Aksiyada Azərbaycan bayrağı da daxil olmaqla BMT və Yeni Kaledoniya bayraqları qaldırılıb.

Son vaxtlarda Yeni Kaledoniyada keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq üçrəngli bayraq dalğalandırılır. Aprelin ortalarında Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Omayra Naiselin bəyan edib ki, Azərbaycan parlamenti ilə əməkdaşlıq Yeni Kaledoniya üçün "yol xəritəsi"dir. Onun sözlərinə görə, iki ölkə parlamentləri arasında əməkdaşlıq memorandumunun imzalanması Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq. Beləliklə, son dörd ildə Azərbaycanın xarici siyasətində xüsusi bir xətt - müasir müstəmləkəçilik əleyhinə hərəkat aparılır və bu da alqışalayiqdir.

Əminliklə deyə bilərik ki, Fransa müstəmləkəçiliyinə qarşı başlanan etirazların artmasında Bakıda keçirilən beynəlxalq tədbirlərin böyük rolu olub. Bunu artıq Fransa rəhbərliyində təmsil olunan şəxslər də etiraf edirlər. Bu ölkənin daxili işlər naziri Jerald Darmanen bəyan edib ki, "Azərbaycan Kaledoniya məsələsindən bizim ermənilərə dəstək verməmizə cavab kimi istifadə etməyə çalışır". Erməni lobbisinin ciddi təsiri altında olan nazir növbəti dəfə Azərbaycanı Qarabağdan könüllü çıxan erməni sakinlərə qarşı etnik təmizləmə siyasəti aparmaqda günahlandırıb. Əlavə edib ki, baş verənlər onu “dərindən sarsıdıb”.

Fransalı nazirin diqqətinə bir neçə məsələni çatdırmaq yerinə düşər. Əvvəla, Fransanın keçmiş müstəmləkələrində keçirilən aksiyalarda konkret tələblər qoyulur, müstəqilliyin vacibliyi irəli sürülür. Bəli, bu faktdır ki, bunun səbəblərindən biri də Bakıda keçirilən çoxsaylı beynəlxalq konfranslar, forumlardır. Azərbaycan onlar üçün sadəcə öz problemlərini qabartmaq üçün bir tribunadır. Həmin tədbirlərdə keçmiş koloniyaları təmsil edən şəxslər bildirdilər ki, artıq müstəqil olmaq istəyirlər, idarə edilmək istəmirlər. Ən əsası, məhz Bakıda birgə fəaliyyət proqramı - Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupu yaradılıb. Nəticə də ortadadır; Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Yeni Kaledoniyada fransızların neokolonializm siyasətinə qarşı etiraz aksiyaları səngimir.

İkincisi, fransalı nazir yaxşı olar ki, Qarabağda hər hansı bir "etnik təmizləmə" olduğunu iddia edəndə faktlara istinad etsin. Beynəlxalq təşkilatlar, hətta Ermənistanın özü belə bununla bağlı bir fakt ortaya qoya bilməyib. Məsələn, 2023-cü ilin sentyabrın 19-20-dən sonra bölgəyə səfər edən BMT missiyası Qarabağı könüllü tərketmə zamanı bir erməninin belə zərər çəkmədiyini bəyan edib. Belə olan halda fransalı nazirin heç bir fakt ortaya qoymadan belə ittiham səsləndirməsi qərəzdən başqa bir şey deyil.

Üçüncüsü, daxili işlər naziri Azərbaycanın Kaledoniyaya dəstək verməsindən narahatlığını ifadə edir. Bəs niyə keçmiş qondarma Dağlıq Qarabağ Respublikasının Parisdə təmsilçiliyinin yaradılmasından danışmır? Fransada Prezident Emmanuel Makron da daxil olmaqla hər vəchlə separatizmə nəinki dəstək verməyə çalışır, hətta separatçılara açıq dəstək nümayiş etdirirlər. Halbuki, bu ölkə 30 ilə yaxın Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olub.

Dördüncüsü, Fransanın növbəti qərəzi son günlər Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı yaşanan proseslərə reaksiya verməməsidir. Keçmiş həmsədrlər - Rusiya və ABŞ-nin bu prosesi alqışadıqları halda, Fransa hələ də susqunluq nümayiş etdirir. Bu azmış kimi, rəsmi Paris Ermənistanda revanşist qüvvələrə dəstək nümayiş etdirir, onu silahlandırır.

Beləliklə, Fransa nekolonializminə qarşı başlanan beynəlxalq hərəkat genişlənir. Reallıq da odur ki, bu hərəkat məhz Bakıdan başlayıb. Fransa anlamalı idi ki, separatizmə, işğalçıya dəstək bumeranq effekti verə bilər. Odur ki, bu ölkə öz maraqları üçün qeyri-konstruktiv mövqeyini davam etdirərək gərginlik yaratmağa çalışsa da, məkrli planlar uğursuzluğa məhkum olacaq.

O ki qaldı Fransanın Yeni Kaledoniyadakı zülmünə, buna da gec-tez son qoyulacaq. Əsas odur ki, məqsəd var. Nəyin bahasına olursa-olsun, Fransa hökmranlığından qurtulmaq, sosial və siyasi müstəqillik əldə etmək hədəf götürülüb. Özlərinin də ifadə etdiyi kimi, məqsədləri gənc və yaşlı nəsillərin sosial məsələlər haqqında açıq danışa bildiyi xüsusi şəbəkə yaratmaqdır. Bununla Yeni Kaledoniyada təhlükəsiz gələcəyə nail olunmasına çalışırlar.

Şübhəsiz ki, bu proses təkcə Yeni Kaledoniya ilə məhdudlaşmayacaq, digər keçmiş fransız müstəmləkələri də bu azadlıq mücadiləsinə qoşulacaqlar.(Report)