Gündəm / Siyasət
12 iyul 2024
0

Əliyev: Qardaşım ondan ayağa qalxmasını xahiş etdi ki...


Biz Nazirlər Kabinetinin üzvlərinə bütün lazımi təlimatları vermişik. Onlar artıq təmas qurublar. Sabah səhər əziz qardaşımla növbəti görüşdən öncə onlar layihələri nəzərdən keçirmək və təhlil etmək məqsədilə yenidən görüşəcəklər.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.

“Yatıracağımız sərmayələrin ilkin həcmi, əziz qardaşımın qeyd etdiyi kimi, təxminən iki milyard dollardır. Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq. Onlardan birini mən xüsusilə qeyd etmək istərdim. Bu, güzəştli ticarətlə bağlı sənəddir. Biz ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdik. Lakin bu, yalnız başlanğıcdır. Əlbəttə ki, həmin şəxsin üzərinə böyük məsuliyyət düşür. Qardaşım ondan ayağa qalxmağı xahiş etdi ki, İslamabadda hər kəs onu tanısın. Bu abadlıq işlərində iştirak etmək böyük məsuliyyət və şərəfdir. Buyurun, əyləşin. Sizə deyə bilərəm ki, mən artıq qardaşımın xahişi ilə onu və onun heyətini ezam etdim və onlar müəyyən vaxt ərzində burada olublar. Onlar hörmətli Baş nazirə təqdim etdiyimiz layihənin ilk variantını hazırlayıblar. Onlar baxacaqlar, nəzərdən keçirəcəklər və əgər layihə təsdiqlənərsə, o, öz heyəti ilə dərhal buraya gələcək və gözəl şəhəri daha da gözəlləşdirmək üçün hər şeyi edəcəklər”, - deyə dövlət başçısı bildirib.