Gündəm / Cəmiyyət
21 iyul 2020
48

Poladın 7-ci günü... - Şəhid generalın nadir fotoları/REPORTAJ

Poladın 7-ci günü... - Şəhid generalın nadir fotoları/REPORTAJ

Milliinfo.az



Deyirlər, şəhidlər ölmür, onlar doğma torpaqlara qovuşur, Vətənin uca göylərinə yüksəlirlər. Elə bil, qara xəbər dünən gəlmişdi... İnanmırsan ki, 7 gün keçib.

Bu gün şəhid generalımız Polad Həşimovun evindəyik. Mərasimə gedəcəyimi biləndə sanki üzərimdə ağırlıq hiss etdim. Bu, məsuliyyət hissi idi. Dəfn və yas mərasimlərindən uzaq qalan biri kimi ilk dəfə generalın ölümünü andıran bir mərasimdə iştirak edirdim. Amma yenə də onun ölümsüzlüyünə inanırdım.

Əslində təəssüflənirəm ki, kaş onun yas və vida mərasimində yox, özü ilə salamlaşmağa, belə bir generalı tanıdığım üçün gülərüzlə şad olduğumu bildirməyə imkan verən bir müsahibədə olaydım... Bu günlərdə hər şəhid xəbərini alanda sanki zərbə mənə dəyirdi. Ən ağır zərbə general Polad Həşimovun xəbəri oldu.

Şəhidin Sumqayıtda yerləşən evinə gəldik. Şəhid qapısı bayraqdan tanınar... Başqa vaxt general evi olduğu zənn edilməz. Amma Polad Həşimovun əqidəsi, ruhu, xarakteri evinə yanşayıb deyə bilərəm.

Qapıya bağlanan o qara lent əslində ölkəmizə bağlanıb...

Sakit, tünlükdən uzaq yeddi mərasimiydi, nə kütləvi axın vardı, nə izdiham yaşanırdı. Zəhrimara qalmış virusun yaratdığı pandemiya dövrünün qaydaları belədi. Başsağlığı verməyə gələn Müdafiə Nazirliyinin əməkdaşları, qohumlar bir neçə dəqiqəlik əyləşib evi tərk edirdilər. Elə biz də qısa müddət dayanmalı olduq. Susduq, kədərləndik, qürur keçirdik...

General Polad Həşimovun anasının dərdinə şərik olmağa çalışdıq. O, övladını, ailə başçısını itirib. Ölkəmiz polad qədər möhkəm bir generalı mənfur düşmənin təxribatı nəticəsində itirdi.

Polad Həşimov barəsində yazılanları hər gün oxuyuram. O, təkcə övladlarına deyil, orduda birlikdə xidmət etdiyi əsgərlərinə də ata olub. Elə bu səbəbdəndir ki, günlərdir onunla vidalaşmağa gələnlərin ardı-arası kəsilmir.

Evin bir otağı şəhidə həsr olunmuşdu. Onun gənclik fotoları, bayraq və hərbi xidmət fotosu...

Ömrünü yarılamadan torpağa qovuşan general hələ uşaq yaşlarından Vətənə sevgisi ilə seçilib. Maarif Nazirliyi tərəfindən bir neçə dəfə təltif olunub. Fotolara baxdığımız zaman başa düşdük ki, generalımız son nəfəsinə qədər Vətən uğrunda vuruşmağı özünə borc bilib.

Fotolara baxdıq, şəhidin anasına təsəlli sözləri axtardıq, Vətəni düşündük... Şəhidlərimiz varsa, qazilərimiz də olacaq. Vətən uğrunda ölməyi bacarırıqsa, qələbə qazanmağı da haqq edəcəyik.

Biz səninlə qürur duyuruq, General!

Poladın 7-ci günü... - Şəhid generalın nadir fotoları/REPORTAJ

Poladın 7-ci günü... - Şəhid generalın nadir fotoları/REPORTAJ

Poladın 7-ci günü... - Şəhid generalın nadir fotoları/REPORTAJ