Gündəm / Cəmiyyət
07 dekabr 2024
0

Konfransımızın bu gün keçirilməsi təsadüfi deyil - Spiker

Konfransımızın bu gün keçirilməsi təsadüfi deyil - Spiker


Parlamentlərimizin bugünkü fəaliyyətinə ölkələrimizdə uzun illər ərzində formalaşmış parlamentarizm ənənələrinin və təcrübələrinin təsiri olduqca böyükdür. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışarkən 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Bu mənada konfransımızın məhz bu gün keçirilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan parlamentinin ilk iclası məhz dekabrın 7-də keçirilib.

Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bütün müsəlman Şərqində o dövrün ən mütərəqqi demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan parlamenti fəaliyyəti zamanı milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıb. “Həmin parlament cəmi 17 ay fəaliyyət göstərdi. Bununla belə, 11 müxtəlif partiyanın təmsil olunduğu 99 üzvü olan parlament həmin dövrdə 145 iclas keçirib, 270-dən artıq qanun layihəsini müzakirəyə çıxarıb, 230-a yaxın qanun qəbul edilib. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması nəticəsində parlament də fəaliyyətini dayandırdı. Azərbaycanda sovet hakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik idi və bununla belə formal xarakter daşımasına baxmayaraq, parlamentin həmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunub saxlanması baxımından faydalı olub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi isə parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldı”, - deyə o əlavə edib.