Gündəm
29 avqust 2020
18
Çingiz Mustafayevin anadan olmasının 60-cı ildönümüdür
Milliinfo.az
Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.“Report” xəbər verir ki, şəhid telejurnalistin anadan olmasından 60 il ötür.
Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Axtyubinsk rayonunun Kapustin-Yar qəsəbəsində hərbçi ailəsində anadan olub.
1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq, 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı olub.
Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə, "215 kl" studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Qarabağ müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapıb.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. O, məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb.
Telejurnalist döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə, Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak olub. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.
O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.