Gündəm / Cəmiyyət / Sosial / Mədəniyyət
23 dekabr 2020
153

Insan sevgi ilə yaşayanda həyatı da gözəl olur

Insan sevgi ilə yaşayanda həyatı da gözəl olur

Millinfo.az

Sevgisiz bir başda əqrəblər gəzər.

Səməd Vurğun


Dünya kiminə kef, kiminə dəhşət
Bunları qanana yazığım gəlir,
Durub düşündükcə ömrün sonunu
İnsanam, insana yazığım gelir.

Mirzəağa Məmmədli



Allah şair Bəhmən Vətənoğluna rəhmət eləsin. Çox dərin kəlamlar qoyub gedib bizim üçün. Həqiqətən də ağır, məşəqqətli günlərlə üzləşəndə həyatı qınayır, dünyanı vəfasız, etibarsız adlandırırıq. Bir az da irəli gedib hətta doğulduğumuz günə lənət deyirik. Amma dərindən düşünsək görərik ki, şikayət etdiyimiz bu sirli dünya əslində çox gözəldir, həyatı yaşanmaz hala gətirən isə biz insanlarıq. İnsan bu dünyaya, ətrafındakılara, hər bir bəşər övladına, təbiətə sevgi ilə yanaşmalıdır.
Dostoyevski dünyanı məhəbbət xilas edəcək deyirdi, Cavid isə gözəllik və sevgini özünün tanrısı adlandırırdı. Hər iki dahinin oxşar fikirləri arxasında həqiqətən dərin mənalar var. Bəzən "sevgi nə vaxt dünyanı xilas edib" kimi bəsit yanaşmaların da şahidi oluruq və məlum olur ki, sevgi-məhəbbət dedikdə, onlar sadəcə qadın-kişi arasında münasibətləri nəzərdə tuturlar. Halbiki burda, sadə dillə desək, insanın insana, bütün canlılara , təbii gözəlliklərə yanaşması nəzərdə tutulur. İnsan Yaradanın elə bir kamil kəşfidir ki, bütün yaradılmışların fövqündə dayanır. Nədir onu möhtəşəm və fərqli edən? Bəşər övladının azadlıq eşqi və yaranmışlara sevgisi- qayğısıg Bəs dünyanın əşrəfi sayılan insanı şərəfsizlik girdabına sürükləyən səbəblər hansıdır?
Niyə görə yaranmışların ən möhtəşəmi olan insanın qəzəbi, nifrəti, biganəliyi ucbatından həyat getdikcə zülməti xatırladır, insan ömrü ucuzlaşır, öldürmək su içmək kimi asan olur? Bütün dərdlərin-problemlərin ilkin səbəbini araşdırdıqda qarşımıza sevgisizlik və ya sevgi azlığı cixir. Demək olar ki, dünyanı çirkinləşdirən bütün rəzilliklər məhz sevgisizlik sindromundan yaranır. Hər bir insanın qəlbində doğuşdan Allah vergisi olan , sonradan isə nəfsinə qurban verib öldürdüyü sevginin yerində qəddarlıq yuva salır. Hansısa ölkəni və ya milləti, müəyyən regionu, rayonu bir və ya bir neçə şəxsə görə pisləmək, aşağılamaq düz deyil. Unutmayaq ki, bütün insanlar dünyaya məsum gəlir. Sonradan kimlərinsə qəddarlaşması , ləyaqət və şərəfini itirməsində cəmiyyət, mühit və genetik amillər böyük rol oynayır. Adi adamların pis əməlləri ətrafdakılar üçün o qədər də təhlükəli deyil. Uzaqbaşı ailəsinə, yaxınlarına öz fitnə-fəsadı ilə ziyan vura bilər.
Vay o gündən ki, alimlər, din xadimləri, cəmiyyətə ciddi təsir imkanları olan vəzifə sahiblərinin içində bu fitnələr kök salsın. Bu halda bütövlükdə cəmiyyət zərər görəcək. Məhəmməd Füzuli deyirdi": Ey müəllim! Elm pis insanların əlində hiyləgərlik alətidir. Amandır hiyləgər şəxslərə bilik öyrətmə. Fəsad əhlinə elm öyrətmək xalqı qırmaq üçün cəlladın əlinə qılınc vermək deməkdir." Azərbaycan prezidenti İlham Əliyev keçirdiyi müşavirələrdə məmurlara dönə-dönə xatırladır ki, sizi vəzifəyə xalqa xidmək etmək üçün təyin etmişəm":
Amma siz xalqı özünüzə qul-kölə kimi görürsünüz. "Təəccüblü deyil, vaxtilə böyük dövlət postlarında çalışan, bəziləri hətta Qarabağ savaşında şücaətlər göstərən onlarla məmur bu gün həbsxana həyatı yaşayır. Dövlətin, vətəndaşların təhlükəsizliyinə cavabdeh olan bir qurumun, Milli Təhlükəsizlik nazirliyinin bir çox əməkdaşlarını, polis orqanlarında çalışan yüksək çinli zabitləri prokuror, müstəntiq, hərbi hissə komandiri olan zabitləri dəmir barmaqlıqlar arxasında görmək ürək ağrıdan mənzərədir.
Nədir onları bu yola sövq etdirən? Dünyada ən qorxulu "virus" olan nəfs-tamah. Xalq Cəbhəsinin hakimiyyəti dövründə prezident seçilmiş rəhmətlik Əbülfəz Elçibəy vəzifəyə qoyduğu silahdaşlarına demişdi": Rus tanklarının qarşısına qorxmadan sipər olaraq durdunuz. Ancaq pulun, rüşvətin qarşısında dayana bilmədiniz. " Amma insanı ləyaqətsizlik girdabına sürükləyən təkcə nəfsdirmi? Təbii ki, yox. Onları bu uçuruma doğru aparan həm də qəlblərindəki sevgi və iman nurunun azalaraq yoxa çıxmasıdır. İslamda cihad ruhun təmizlənməsi və paklığıdır. Cihad insanın öz dinini, vətənini, torpağını, ailəsini düşmənlərdən qorumasıdır. Qarabağ müharibəsində torpaq, namus uğrunda canlarını fəda edən igidlərimiz cihad edərək Şəhidlik zirvəsinə ucaldılar.
2016-cı ilin aprel döyüşlərində, ondan bir az əvvəl, şəhid Mübariz İbrahimovun və onun kimi yüzlərlə oğullarımızın timsalında bunu gördük. Bir neçə ay əvvəl hərbçilərimiz Naxçıvanla sərhəddə düşmənə bir daha dərs və göz dağı verib bu döyüşdə şəhid olanların qisasını aldılar. Amma ən böyük cihad insanın öz-özü ilə, yəni nəfsi və daxilindəki zülmətə yola açan sevgisizliklə mübarizəsi deməkdir.İnsanın yalnız özünü sevməsi və başqalarına nifrətlə yanaşması dünyanın xilasına imkan verməyən başlanğıcdı. Kobudluq, mədəniyyətsizlik, dünya malına hərislik isə uçuruma aparan yolun davamıdır. Təkcə öz nəfsini, öz rahatlığını, öz sağlamlığını, öz sevincini düşünən insan tədricən biganə və soyuq qəlbli buz parçasına çevrilir. Təbrizli yazıçı Seyid Kazım Pərpənci əsərində belə yazır":Əzizlərim, bir insan ki, haradan gəldiyini, nəyə gəldiyini bilmir və bu sualların cavabında acizdirsə, belə bir insan halal və haramın, məhrəm və naməhrəmin, paklıq və murdarlığın nə olduğunu haradan bilər? Cürbəcür təamları tələm-tələsik, acgözlüklə mədənizə dolduranda düşünmürsüz ki, bir saatdan sonra bədəninizdən xaric olan yediklərinizin üfunətli iyindən başınız çatlayıb iyrənəcəksiniz? Bu halda yeməklərə həddən artıq hərislik nəyə lazımdır? Bu sözlərdən inciyə bilərik, amma unutmayaq ki, həqiqət həmişə acı olub, xəstə ruhlara və ürəklərə də hər zaman acı təsir bağışlayıb." Bu gün öz gözəlliyi ilə xarici turistləri məftun edən paytaxt Bakımızda, çox təəssüf ki, nə qədər savadsız, etik davranış qaydalarından xəbərsiz avtobus sürücüləri var.
Onlar sərnişinlərlə kobud rəftar edir, öz növbəsində sərnişinlər də sürücü və bir-birləri ilə nəzakətsiz davranırlar. Hətta avtobusun salonunda qadın və uşaqların olmasına rəğmən, ağızlarından ədəbsiz söyuşlər belə çıxarırlar. Sürücülərin bir-biri ilə yersiz ötüşmə bəhsi sərnişinlərin həyatını təhlükə altına atmaqla yanaşı, həm də kobud qanun pozuntusudur. Bəzi sürücülər var ki, şəhəri əməlli -başlı tanımırlar belə. Elə təəssürat yaranır sanki Bakıda mədəni, tərbiyəli sürücü qıtlığı yaranıb. Sürücülərlə bağlı şikayətlərə Bakı Nəqliyyat agentliyi rəsmisinin cavabı isə belə olub": Biz xaricdən rahat, yaraşıqlı avtobuslar gətirə bilərik, ancaq onları idarə edən səriştəli və mədəni sürücü gətirə bilmərik."Demək mədəniyyətdın uzaq olan kobud sürücülərin davranışlarına dözməliyik? Sizin rahat avtobusları xaricdən gətirməyiniz problem deyil. Ölkə prezidenti xalqın rifahı naminə hər zaman pul ayırır. Szi də həmin pullara yeni avtobuslar gətirirsiniz. Xalqın boynuna minnət qoymayın. İnsanları mədəni davranış qaydalarına dəvət etmək , bu istiqamətdə maarıfçilik fəaliyyətlərini genişləndirmək lazımdır. Mədəni rəftar təkcə insanın özünə deyil, ətrafındakılara da müsbət təsir göstərir və xoştbəxlik duyğusu yaradır.
Yeri gəlmişkən, xoşbəxtlik haqqında türk şairi Nazim Hikmətin bu sözlərini yada salmaq yerinə düşər":Hər gün səhər həvəslə işə gedib axşam həvəslə işdən evə qayıtmaq ən böyük xoşbəxtlikdir." Şairin sözünə qüvvət, mənimçün də hər gün avtobusda, metroda ətrafdakılardan xoş sözlər eşitmək, təbəssüm saçan, səmimiyyət dolu pozitiv simalar görmək ən böyük xoşbəxtlikdir. Nə yazıq ki, belə xoş mənzərə əvəzinə, ətrafımızda üzləri zəhrimar saçan insanları daha çox görməyə alışmışıq. Yerə tüpürüb insanları iyrəndirərən adamlara Bakı küçələrində tez-tez rast gəlinir. Mən hələ nəqliyyat vasitələrində ucadan yarım saat telefonla "çənə vurub" sərnişinləri hövsələdən çıxaran, donuq nəzərlərini bir nöqtəyə zilləyib qulaqcıqda mahnı dinləyən, ətrafda baş verənlərdən xəbərsiz gəncləri demirəm.
Hər gün nəqliyyat vasitələrində yol gedərkən Mirzə Cəlilin tipləri, Haqverdiyevin "maralları" ilə tez-tez qarşılaşıram. Bu xöşagələmz mənzəriyə insanın ürəyin necə tabe etsin. Şair Əbülfət Mədətoğlu demişkən,

Açılən səhərə həvəsim yoxdur,
Gözlərim baxsa da nəfəsim yoxdur,
Ömür mənasızdır artıq gözümdə
Nə sən yanımdasan, nə mən özümdə...

Bu mənada istedadlı yazar Nigar Orucovanın "özümüzə düşmən olmayaq" məqaləsində yazılan həqiqət istər-istəməz insanı düşündürür: "Deyəcəklərimin yenə də arxasındayam: insanlar hansısa xəstəliyi havadan, sudan, torpaqdan qazanmır. İnsanlar xəstəliyə məqsədi bilinməyən anormal davranışlardan, xəstə təfəkkürdən, qarşısındakının mənfi münasibətindən yoluxur. Bu məqamda dünyaya sağlam gəlib qəfil ürək tutmalarından, beyninə qansızmalardan dünyasını dəyişənlərin, sonu görünməyən fitnə-fəsaddan, çəkişmələrdən durduğu yerdə həyata vida edənlərin statistikasından bəhs etmək yersizdir".
Bu fikirlər təəssüf ki, günümüzün reallığıdır. Bu gün Bakı dünyanın ən gozəl şəhərləri ilə rəqabət aparacaq dərəcə dəyişib, möhtəşəm olub. Bir -birindən gözəl binalar, rahat magistral yollar, qədim binalarla müasir hündürmərtəbəli göydələnlərin bir birini mükəmməl şəkildə tamamlaması paytaxtımıza bir başqa gözəllik, unikal bir görkəm əlavə edib. Amma Bakını xarici turistlər üçün daha da cazibədar edən bir çox xidmət yerlərində rast gəlinən qeyri -adi yeniliklərdir. Bu yaxınlarda dəmir yolu vağzalının binasında oldum, birinci və ikinci mərtəbələrdə yerləşən gözləmə salonları, xidmət otaqları ilə tanış oldum. Məni təəccübləndirən təkcə səliqə- səhman, gözəl dizayn edilmiş gözləmə zallarındakı ideal təmizlikdən başqa, həm də xidmət işcilərinin insanlara nəzakət və səmimiyyətlə yanaşması, bakılılara və şəhərimizin qonaqlarına pozitiv ruhiyyə bəxş etmələri oldu. Yaxın keçmişdə insanlarda əsəb yaradan dilənçilər, cibgirlər, gözləmə salonundakı ağır üfunət iyi möcüzəli bir şəkildə yox olmuşdu.
Hələ "Asan xidmət"-də problemlərin əsəbsiz, qısa vaxtda, asanlıqla və rüşvət tələb edilmədən həll edilməsi, xidmət könüllüləri olan gənclərin mədəni rəftarı, pozitiv təbəssümləri insanın ömrünə ömür qatır, keçmişdə addımbaşı əhvalımızı zəhərləyən neqativ halların geridə qalması həyatın həqiqətən gözəl olduğuna səndə qəti inam yaradır.
Gözəlliyi duymaq və qiymətləndirmək lazımdır. Hər şeyi qara rəngdə görmək olmaz. Azərbaycanın xaql artisti, tanınmış teatr rejissoru Mərahim Fərzəlibəyov sənəti ilə bağlı suala mənalı bir cavab verib":Məşğul olduğum sənəti sevirəm. İnsan sevgi ilə yaşayanda həyat da gözəl olur." Bu məqamda istər-istəməz Akif İslamzadə ilə Brilyant Dadaşovanın illər əvvəl ifa etdikləri duetin sözləri yada düşür:

Sən bu gözəlliyi anlaya, duya bilsən
Hər şey gözəldir həyatda
Özün bir zərrə gözəllik yarada bilsən...

Insan sevgi ilə yaşayanda həyatı da gözəl olur