Gündəm / Cəmiyyət
07 iyul 2021
45
Kommersiya bankları Mərkəzi Bankın tövsiyəsinə əməl edəcəkmi? - PROBLEM
Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmaları olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyə müddətini bu il oktyabrın 1-dək uzadıb. Bu, o deməkdir ki, Mərkəzi Bankın tövsiyəsinə əsasən pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmamalıdır. Eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməlidir, yəni adları “qara siyahı” adlandırılan siyahıya daxil edilməməlidir.
Hamıya məlumdur ki, bəzi kommersiya bankları bu cür tövsiyələrə məhəl qoymur, vətəndaşlardan kreditlərini tam ödəmələrini tələb edirlər. Bəs, bu zaman vətəndaş nə etməlidir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Press Klub”a açıqlamasında bildirdi ki, Mərkəzi Bankın tövsiyəsinin bütün kommersiya bankları tərəfindən nəzərə alınması çox vacibdir:
“Mərkəzi Bank pandemiyanın təsir göstərdiyi sektorlarda çalışanların kredit borclarına güzəştlərin tətbiqini tövsiyə edib. Əgər vətəndaşın kredit borclarının yubanması pandemiya səbəbindəndirsə, o, pandemiyanın təsir etdiyi sektorlarda çalışırsa, pandemiya səbəbindən əməkhaqqı və gəlirlərində azalma varsa, bu halda bank tərəfindən güzəşt tətbiq olunmalıdır”.
Millət vəkilinin sözlərinə görə, əgər hər hansı kommersiya bankı güzəşt etməkdən boyun qaçırarsa, o halda kredit borcu olan şəxsin Banklar Asssosiasiyasına müraciət etməsi məqsədəuyğun olar:
“Müraciətində yubanmanın səbəbinin pandemiyanın təsirindən olduğunu da qeyd etməlidir. O halda Banklar Assosiasiyası vasitəsilə prosesə müdaxilə edilib, güzəştin edilməsi reallaşa bilər”.
V. Bayramov onu da qeyd etdi ki, sözügedən müddət Mərkəzi Bank tərəfindən bir neçə dəfə uzadılıb. Bu müddət 2020-ci ilin sentyabrın 30-na qədər idi, daha sonra iyunun 1-nə qədər, indi isə oktyabrın 1-nə qədər uzadıldı:
“Güman edirəm ki, Mərkəzi Bank növbəti dövrdə də pandemiyanın təsirlərindən asılı olaraq müddəti uzada bilər. Əgər pandemiya davam edəcəksə, təklifimiz ondan ibarətdir ki, müddətin uzadılması ilə bağlı qərarın qəbul edilməsi məqsədəuyğun olar”.
İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov “Press Klub”a şərhində Azərbaycanda pandemiya ilə əlaqədar işgüzar fəallığın xeyli dərəcədə dondurulmasından yaranan problemlərin bank sektoruna kifayət qədər təsir göstərdiyini söylədi:
“Mərkəzi bank kommersiya banklarına ödənişlərin ləngiməsi halında cərimələrin yazılmamasını, öhdəlikləri olan insanların “qara siyahı”ya salınmamasını, dəbbə pulunun hesablanmamasını tövsiyə edib. Bunların hamısı tövsiyədir və kommersiya bankları bu tövsiyələrə əməl etməyə də bilər, çünki məcburi deyil. Hətta tövsiyələrə əməl olunsa belə, kommersiya bankları bu öhdəliklərin tələb edilməsindən imtina etmir. Son nəticədə kredit götürənlər öhdəliklərini yerinə yetirib, faizləri ödəməli olacaqsa, onların da dövriyyəsi azalıbsa, bəs, faizləri necə ödəyəcəklər? Bu, böyük sual doğuran məsələdir. Eyni zamanda, hətta fəaliyyətin bərpası belə, ödəmə qabiliyyətinin olması demək deyil. Çünki ölkədə alıcılıq qabiliyyəti aşağı düşüb. Daxili bazar işgüzar fəallıq az olanda daralır və belə olan halda hansısa sahibkarın öz fəaliyyətini davam etdirməsini və yenidən qısa müddətdə həmin dövriyyəyə qayıdıb, həmin mənfəəti əldə edə bilməsi və kredit faizlərini ödəməsi inandırıcı deyil. Ona görə də, düşünürəm ki, burada problemlər kifayət qədər sistemli və əhatəlidir”.
Ekspert hesab edir ki, hətta ödənişlərlə bağlı möhlətin verilməsi çıxış yolu ola bilməz:
“Bank sektorunda kompleks islahatlar aparılmalıdır. Bank sektoru Mərkəzi Bankın resurslarına, daxili iqtisadi resurslara daha çox söykənməlidir, nəinki xaricdən götürülən kreditlərə. Çünki xaricdən götürülən kreditlər, istənilən halda bank işlərini də nəzərə aldıqda, ölkədə faizlərin yüksək olmasını şərtləndirir”.
Daha çox xəbər:
Çin Mərkəzi Bankı kredit axınını 20%-dək artıracaq
İqtisadiyyat / DünyaİPOTEKA BORCU OLANLARA GÜZƏŞT, YOXSA... – Mərkəzi Bank krediti olan vətəndaşlara nə təklif edir?
İqtisadiyyat / Cəmiyyət / Dünya / Sosial / SəhiyyəRusiyada ipotekanın illik faizi 6,5% olacaq
İqtisadiyyatProfessor Azərbaycan bank sisteminin vəziyyətini şərh edir.
İqtisadiyyat"NBC Bank"ın zərəri 41% azalıb
İqtisadiyyat / Sosial