Gündəm / İdman
09 avqust 2021
24
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Yaponiyanın paytaxtı Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunları başa çatdı. Bu Olimpiya Oyunları əvvəlkilərdən fərqli olaraq, tam fərqli formada keçdi. Pandemiya şəraitində, demək olar ki, azarkeşsiz keçirilən Olimpiada beş il sonra olsa da, baş tutdu.
Azərbaycan bu Olimpiadaya əvvəlki illərdən fərqli olaraq, az tərkibdə qatılmışdı. 44 idmançıdan ibarət komandamız 40 lisenziya qazanmışdı. Komandamız yarışları yeddi medalla başa vurdu. Bunlardan üçü gümüş və dördü bürünc medal oldu. Belə ki, Hacı Əliyev (sərbəst güləş), Rafael Ağayev, İrina Zaretskaya (karate), İrina Kindzerskaya (cüdo), Loren Alfonso Dominqes (boks), Rafiq Hüseynov (yunan-Roma güləşi) və Mariya Stadnik (qadın güləşi) Azərbaycana medal qazandıran idmançılar oldu.
Olimpiya komandamız ilk dəfə müstəqil Azərbaycanın bayrağı ilə qatıldığımız 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında olduğu kimi qızıl medal üzünə həsrət qaldı. Həmin vaxt komandamızın daha az tərkibdə Olimpiadaya qatıldığını nəzərə alsaq, budəfəki nəticə qənaətbəxş hesab oluna bilməz.
Azərbaycan medal sıralamasında 200-ə yaxın ölkə içərisində 67-ci oldu. Keçmiş SSRİ-nin 15 ölkəsi arasında isə medal əyarına görə 8-ci, medal sayına görə isə Belarusla birgə 5-ci yerdə qərarlaşdıq.
Bəs qızıl medal niyə qazana bilmədik? Bunun bir neçə səbəbi var. Öncə qeyd etməliyik ki, bütün ölkələrin Olimpiadadakı çıxışına pandemiya təsirsiz ötüşmədi. Məsələn, güləşdə Türkiyə və Gürcüstan kimi ölkələr belə qızıl medal qazana bilmədi.
Azərbaycanın tarixən ən uğurlu olduğu növ olan güləşdə ilk dəfə az idmançı ilə çıxış etməyimizə də pandemiya böyük ölçüdə təsir göstərdi. 2020-ci ilin aprel ayından etibarən Azərbaycanda pandemiya səbəbindən bir neçə vacib iaşə obyekti bağlandı. İnsanların çox üz tutduğu qapalı idman zalları da koronavirusa yoluxmanın qarşısının alınması məqsədi ilə qapadıldı. Bu isə güləş, cüdo, boks, taekvondo, karate kimi qapalı zallarda məşqi keçirilən idman növlərində müəyyən durğunluğa, idmançıların fiziki formasında geriləmənin yaranmasına səbəb oldu.
Düzdür, sonradan Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahdan razılıq alaraq, Olimpiadada çıxış edəcək idmançılar üçün qapalı idman zallarından istifadə üçün yaşıl işıq yandırdı. Lakin həmin ərəfələrdə – sentyabrın sonlarında Azərbaycan ikinci cəbhədə mübarizəyə qoşuldu. Bu dəfə Azərbaycan Qarabağ bölgəsində Ermənistanla 44 günlük haqq savaşında mübarizəyə atıldı. Həmin müddətdə Azərbaycan xalqı bir olaraq bütün diqqətləri cəbhəyə yönəltdi, Ali Baş Komandanın rəhbərliyi altında fəaliyyət göstərən müzəffər ordunun yanında sıx birləşdi. Həmin vaxt ölkədə komendant saatı tətbiq edildi, idman kimi məsələlər arxa plana keçdi. Noyabrdan etibarən Azərbaycan Vətən müharibəsini qalib kimi başa vurdu və ölkəmizdə tədricən əvvəlki həyat geriyə dönməyə başladı. Lakin onda artıq bəzi idman növləri üçün müəyyən geriləmə başlamışdı.
Düzdür, pandemiya və müharibəni tamamilə Olimpiadadakı zəif çıxışın üzərinə bəhanə kimi atmaq olmaz. Məsələn, kişilərdən ibarət cüdo millisi ilk dəfə tam heyətlə mübarizə apardı. Azərbaycan Cüdo Federasiyası istər kişi, istərsə də qadın millimiz üçün yüksək səviyyəli şərait yaratmışdı. Komandalarımız istər ölkə daxilində, istərsə də ölkə xaricində lazımi təlim-məşq toplanışlarında iştirak etdi. Lakin bunun müqabilində yeddi nəfərdən ibarət kişi millimiz bir medal da qazana bilmədi. Bu uğursuzluğun əsas səbəbi kimi məşqçilər heyəti göstərildi. Nəticədə komanda Bakıya gələr-gəlməz ukraynalı çalışdırıcı Ruslan Maşurenko başda olmaqla, məşqçilər heyəti tam tərkibdə istefaya göndərildi.
Həmçinin digər idman növlərində federasiyaların iş planlarında axsamaların olduğu göründü. Zəif nəticələrdə federasiya rəhbərləri, məşqçilər heyətinin qurduğu planların düzgün qurulmadığı aydın göründü. Məsələn, idmançılarımızın fiziki cəhətdən görüşlərə tam hazır olmaması, son saniyələrədək tab gətirə bilməməsi aydın oldu.
Bu kimi nöqsanları aradan qaldırmaq üçün isə cəmi üç il vaxtımız var. Azərbaycanı isə üç il sonra Fransanın paytaxtı Parisdə növbəti Olimpiada gözləyir. Paris-2024-də yaxşı nəticələr üçün bu amillərə federasiya rəhbərlərinin daha çox diqqət yetirməsi lazım gələcək.
Daha çox xəbər:
Olimpiyada oyunlarında medal üstünlüyü bu ölkənin əlindədir - STATİSTİKA
İdmanMillimizin məşqçi heyəti Olimpiadaya görə qovuldu
İdmanAzərbaycanın iki cüdoçusu Olimpiadada mübarizəni dayandırdı
İdman"Sərhədçi"lərin Avropa uğuru
İdmanHeydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Türkiyə bayrağına büründü
Gündəm