Gündəm / Cəmiyyət
13 avqust 2021
24

Təhsil Tələbə Krediti aztəminatlı ailələrə ali təhsili əlçatan edəcək

Təhsil Tələbə Krediti aztəminatlı ailələrə ali təhsili əlçatan edəcək

İlqar Orucov: “Bu, təhsil almaq istəyən imkansız ailələrə dövlətin böyük dəstəyidir”

Azərbaycanda 7 ildə 5 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Bu rəqəm ölkəmizdə tələbələrin təhsil haqlarının ödənilməsinə dəstək mexanizmləri üzərində düşünməyə kifayət qədər əsas verirdi. Elə bu günlərdə baş nazir Əli Əsədovun təsdiq etdiyi "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası" da bu məqsədlə hazırlanmış sənəddir.

Bəs görəsən, təhsil tələbə krediti təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək ola biləcəkmi?

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyir ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması, tələbələrə, tələbə kreditlərinin verilməsi gənclərin təhsilə əlçatanlığının təmin olunmasına xidmət edən addımdır. O, bunun təhsil almaq istəyən tələbələrə dövlət tərəfindən göstərilən böyük qayğı olduğunu söyləyir. İ. Orucov deyir ki, bu gün ölkəmizdə xeyli sayda tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəblərdən xaric olunub. Bu baxımdan İ. Orucov Təhsil Tələbə Krediti Fondunun yaradılmasının sosial baxımdan həssas olan ailələrin övladlarının təhsilinə dəstək olacağını söyləyir. Onun sözlərinə görə, güzəştli şərtlərlə təhsil kreditlərinin verilməsi tələbələrin ali təhsil almasına imkan yaradacaq: “Bu gün aztəminatlı ailələrdə təhsil haqqının ödənilməsinə görə yaranmış çətinlik bəzən gənclərin ali təhsil almasına mane olur. Tələbələrin bu Fondun imkanından bəhrələnməsi sayəsində onlar ali təhsil ala biləcəklər. Dövlətin təhsil sahəsində donor kimi çıxış etməsi alqışlanandır”.

Təhsil üzrə tanınmış ekspert Kamran Əsədov da verilmiş qərarın alqışlanan olduğunu söyləyir. O, bildirir ki, bu günə qədər Azərbaycanda tələbələrə güzəştli kreditlərin verilməsi mövcud olmayıb. İndiyə qədər tələbə krediti adı altında fəaliyyət göstərən təşkilatlar isə özünü doğrultmayıb: “2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsil Tələbə Krediti Fondunun yaradılması nəzərdə tutulub. Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edir. Azərbaycanda da tələbələrə təhsil kreditlərinin verilməsi müsbət addımdır”.

K. Əsədov onu da deyir ki, "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda bir sıra məqamlar var ki, bu da tələbələrə tələbə kreditlərindən faydalanmaq imkanı verəcək: “"Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda göstərilib ki, üçüncü qrup əlil olan şəxslər və valideynlərindən biri üçüncü qrup əlil olanlar tələbə kreditindən yararlana bilər. Bu kateqoriyaya valideynləri rəsmi işsiz olan şəxslər də daxildir. Qaydada öz əksini tapan mühüm məqamlardan biri də ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71-dən yuxarı olanların tələbə kreditindən bəhrələnə biləcəyi ilə bağlıdır. Mən çox arzu edərdim ki, ümumi orta müvəffəqiyyət göstəricisi 60-70 olan tələbələr də bu imkandan istifadə etsin”.

Ekspert bildirir ki, təhsil tələbə kreditlərindən hazırki qayda ilə ancaq əyani təhsil alan tələbələr yararlanacaq: “Amma çox yaxşı olardı ki, qiyabi təhsil alan tələbələr də tələbə kreditlərindən istifadə edə bilsin”.

Onu da qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondundan kredit alması nəzərdə tutulan tələbələrin təxmini sayını açıqlamışdı. Nazir bildirmişdi ki, təxminən 40 min və ya daha çox bakalavr və magistr tələbəsinin Təhsil Tələbə Krediti Fondundan kredit alması nəzərdə tutulur. Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydasında kreditin növləri, istifadə hüququ, onun qaytarılması, sığorta və digər məsələlər əks olunub. Həmin sənədə görə, təhsil tələbə kreditinin iki növü var- sosial, standart... Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 3-cü dərəcə əlilliyi olanlar,hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanla, yaşa görə əmək pensiyası alanlar, yaşa görə sosial müavinət alanlar tələbə təhsil kreditindən istifadə edə bilər. TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə "Təhsil Tələbə Krediti" alt sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, iyunun 18-də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb. Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir.

Gülayə Məcid

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
İstiqamət: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Təhsil Tələbə Krediti aztəminatlı ailələrə ali təhsili əlçatan edəcək