Gündəm / Siyasət
17 avqust 2021
57

Azərbaycan-Türkiyə müttəfiqliyi: dünyaya nümunə - GƏLİŞMƏ

Azərbaycan-Türkiyə müttəfiqliyi: dünyaya nümunə - GƏLİŞMƏ

“Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri müharibə zamanı burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar: “Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı”.

Dövlət başçısı deyib ki, Türkiyədəki yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik: “Hörmətli Cümhurbaşkanı ilə bir neçə dəfə telefonla danışdım və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik. Bizim cəmi bir amfibiya təyyarəmiz var, təəssüf ki, o da təmirdə idi. Təlimat verdim ki, təmir çox sürətlə yekunlaşsın ki, biz onu göndərə bilək. Təmir plan üzrə hələ iki ay davam etməli idi. Amma biz onu bir həftəyə saz vəziyyətə gətirdik və oraya göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürlər olsun ki, bildiyimə görə, artıq yanğınlar da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi. Bir daha göstərdi ki, işbirliyi və həmrəylik sözdə olmamalıdır. Mən çox da dərinə getmək istəmirəm, amma düşünürəm ki, türk xalqı bugünlərdə kimin-kim olduğunu yaxşı gördü. Yaxşı sözlər, açıqlamalar, bəzi ölkələrdən gələn dəstək ifadələri təəssüf ki, real həyatda özünü göstərmədi”.

Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanla Türkiyənin münasibətlərinin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bunu isə deputat Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi. Deputat qeyd etdi ki, cənab Prezident bir daha bütün dünyaya bəyan etmiş oldu ki, Azərbaycanla Türkiyə qardaş ölkə olmaqla yanaşı, rəsmən müttəfiq ölkələrdirlər: “Bu ölkələrin biri digərinin problemini məhz özünün problemi olaraq qəbul edir. Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edib. Şuşa Bəyannaməsi isə daha bir zirvənin fəth edilməsi idi. Bunu artıq bütün dünyada qəbul edirlər ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan-Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Bizim qardaşlığımızın dərin kökləri var. Ən çətin anlarında Türkiyə Azərbaycana, Azərbaycan da Türkiyəyə dəstək olub. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə inanan, etimad göstərən dövlətlər yoxdur. Hələ 1918-ci ildə Azərbaycanın ən ağrılı günlərində Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını daşnakların caynağından xilas etməsi Azərbaycanın xilası idi. Bu, Azərbaycan xalqının yaddaşından heç zaman silinməyib və silinməyəcək. Eləcə də azərbaycanlılar Türkiyənin ən ağır günlərində-Çanaqqala savaşında türk qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı döyüşdülər. Türk xalqının birliyi bu böyük sınaqdan da qalib çıxmağı ilə nəticələndi. Bir əsr keçir, bu qardaşlıq, bu birlik, bir-birinə dəstək vermək kimi müqəddəs missiya bu gün də davam edir. Qardaş Türkiyə dövləti, onun xalqı 2020-ci ildə Vətən savaşında Azərbaycanın yanında oldu. Türkiyənin yanımızda olması Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edirdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Türkiyədə yanğınları Azərbaycan xalqı öz ölkəsində, öz evində baş verən yanğın olaraq qəbul etdi. Dövlətimiz, xalqımız Türkiyə ilə bir yerdə oldu. Birgə mübarizəmiz bu fəlakəti də dəf etməyimizdə öz sözünü dedi. Türkiyə ilə Azərbaycanın müttəfiqliyi, bütün məsələlərdə bir yerdə olması hər iki ölkəni gücləndirir. Biz bir yerdə olduqca, daha da yaxın olduqca da gücümüz artır. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır. Eyni zamanda bütün dünya bilməlidir ki, Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsində ciddi əhəmiyyət daşıyır”.

“Yeni Müsavat”