Gündəm / Cəmiyyət
01 oktyabr 2021
31

Azərbaycanda 1 milyon əhali yaşayış minimumundan aşağıda dolanır - ARAŞDIRMA

Azərbaycanda 1 milyon əhali yaşayış minimumundan aşağıda dolanır - ARAŞDIRMA

Statistikaya görə, ölkəmizdə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün isə 170 manat müəyyən edilib.

2019-cu il üçün bu rəqəmlər yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.

Rəqəmlərə baxdıqda görürük ki, il ərzində yaşayış minimumunun qiymətində cəmi 10-11 manat artım olub. Lakin mağazalarda qida məhsullarının qiyməti artır. Bir il əvvəl 2 manata təklif olunan yağ, artıq 4 manatdan yuxarı qiymətə təklif olunur. Şəkər tozunun qiyməti əvvəl 0.80 qəpik olduğu halda hazırda 1.20 azn-dən yuxarıdır. Bunun kimi bir çox məhsullarda qiymət artımı var. Lakin əhalinin bir hissəsinin rəsmi gəliri ilə dolanışıq səviyyəsi uyğun gəlmir.

Bəs görəsən, bu proseslər necə tənzimlənməlidir? Yaşayış minimumu ilə bağlı hansı problemlər öz həllini tapmalıdır?

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda sosial ödənişlərin həcmi kifayət qədər aşağıdır:
Azərbaycanda 1 milyon əhali yaşayış minimumundan aşağıda dolanır - ARAŞDIRMA

“Hətta minimum əmək haqqı və minimum təqaüdlər Azərbaycanda insanların gündəlik tələbatlarını ödəyəcək səviyyədə belə deyil. Buna görə də sosial müavinətlərin, təqaüdlərin, ödənişlərin, ümumiyyətlə, yaşayış minimumunun artırılması vacib şərtlərdən biridir”.

Qanunvericilikdə də bəzi boşluqların olduğunu söyləyən N.Cəfərli deyir ki, bunun əsas səbəbi Azərbaycan hökümətinin yaşayış minimumunu, minimum əmək haqqını və təaqüdləri hesablayarkən minimum istehlak səbətini əsas götürməsidir.

İllər keçsə də, minimum istehlak səbətinin hesablama qaydalarında dəyişiklik edilməsi ilə bağlı heç bir yenilik yoxdur. Buna görə də, hesablanan minimum məbləğlə əhalinin dolanışıq səviyyəsi uyğun gəlmir. Nəzərə alsaq ki, hətta qida məhsullarının qiymətində il ərzində xeyli artım müşahidə olunub. İqtisadçı deyir ki, bu məsələdə əsas problemlərdən biri minimum istehlak səbətinin hesablama qaydalarının həddindən artıq köhnə olmasıdır:

“Hökumət hesablamalar zamanı elə bir qaydalar tətbiq edir ki, minimum istehlak səbətini hesablayarkən çox aşağı rəqəmlər alınır. Bu hesablamadan sonra alınan aşağı rəqəmlər digər sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin hesablanmasında və ödənilməsində əsas götürülür. Əgər alqoritmlərin addımını ardıcıl olaraq atmalı olsaq, ilk növbədə minimum istehlak səbəti ilə bağlı hesablamalar köklü şəkildə yenilənməlidir. Bu dəyişiklik yeni qaydalara və dünya təcrübəsinə uyğun aparılmalıdır. Nəticə etibarilə dünya təcrübəsinə uyğun aparılmış yeni hesablamalarda minimum istehlak səbəti artacaq. Bu da qanunvericilikdə də nəzərdə tutulmuş qaydalara uyğun olaraq digər sosial ödənişlərin, təqaüdlərin, maaşların və minimum əmək haqqının artırılmasına səbəb olacaq. Bir sözlə əgər addım-addım gedəsi olsaq ilk növbədə minimum istehlak səbətinin hesablama qaydaları dəyişdirilməli və onlar yenilənməlidir”.

Açıqlanan sonuncu rəsmi statistika göstərir ki, adambaşına düşən aylıq gəlirə görə Azərbaycandakı ailələrin 9,8%-i yoxsul hesab olunur. Azərbaycandakı bütün ev təsərrüfatlarının 9,8%-də adambaşına düşən aylıq gəlir 190 manatdan az olub. Kənd yerlərində bu göstərici 10,6%, şəhər yerlərində isə 9,3% olub. Azərbaycanda orta hesabla 2 milyon 456 min ev təsərrüfatının olduğunu nəzərə alsaq, o zaman ölkə üzrə təxminən 241 min ev təsərrüfatında adambaşına düşən aylıq gəlir 190 manatdan az olub. Bu isə bir milyon əhalinin gəliri yaşayış minimumundan aşağıda dolanır.

Qeyd edək ki, “Yaşayış minimumu haqqında” qanuna əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.