Gündəm / Cəmiyyət
22 oktyabr 2021
31
Məmur sahibkarlığı əngəllər yaradır - FAKT BUDUR!
Son bir neçə ildə həm siyasi, həm də iqtisadi baxımdan Türkiyə lirəsi tarixinin ən pis dövrünü yaşayır. Bu həftə türk lirəsi daha da ucuzlaşıb. Türk lirəsi ucuzlaşsa da, Bakıda satılan Türkiyə məhsulları barəsində eyni sözü demək olmur. Türkiyədən internet vasitəsilə alınan hər hansı məhsulu Bakıda dəyərindən qat-qat baha almaq mümkündür.
Məsələ ilə bağlı tanınmış iqtisadçı-alim Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında vurğulayıb ki, Azərbaycanın əsas ticarət partnyorları olan ölkələrdə milli valyuta ucuzlaşarsa, o zaman həmin ölkələrdən idxal potensialı artır. Ekspert diqqətə çatdırıb ki, adekvat olaraq Azərbaycan ixrac etdiyinə görə, həmin ölkələrdə istehsal olunan məhsulların qiymətləri də aşağı düşməlidir: "Əksər vətəndaşlarımız müxtəlif daşımaçı şirkətlər vasitəsilə elektron ticarətə üstünlük verirlər.
Bəllidir ki, bunun da səbəbi daha ucuz mal gətirmək, öz istehlakı üçün gömrük və vergi rüsumlarından azad olunmadan istifadə etməkdir. Ancaq təbii ki, bu hamının istehlakını təmin edə bilməz. Ona görə də sahibkarların qardaş ölkədən idxal etdiyi məhsulların həm həcmi, həm keyfiyyəti, həm də qiyməti normallaşmalıdır.
Ancaq biz bunun əksini müşahidə edirik. Təbii ki, səbəblər subyektivdir. Dediyim kimi, obyektiv səbəblər olmuş olsaydı, ucuzlaşma baş verərdi. Çox təəssüf edirəm ki, bu, məmur sahibkarlığından, gömrük orqanlarının bəyannamə qiyməti siyasətinin fəsadlarından qaynaqlanır. Şəffaf vergi və rüsumlar olan ölkələrdə xarici ticarətdə əsas olaraq partnyorlar daha ucuz və daha keyfiyyətli mal axtarırlar. Sahibkarlar onu ölkəyə gətirməkdə maraqlı olurlar. İndiki gömrük sistemində bunları etmək mümkün deyil. Bacardıqları qədər dövlət orqanları "süni" qiymət artımı yaradırlar. Ona görə də Azərbaycan sahibkarlarının xərcləri azalmaq əvəzinə artır. İstənilən xərclərdə gətirilən malın maya dəyərinə otuzdurulur. Adekvat olaraq da qiymət ya stabil qalır, ya da artmaqda davam edir. Ona görə də qiymətlərin azaldılması üçün sahibkarlar mühiti daha da şəffaf olmalıdır".
N.Bəydəmirli qeyd edib ki, xarici iqtisadi əlaqələrlə məşğul olan şəxslərə, şirkətlərə daha da münbit şərait yaradılmalıdır:
"İlk olaraq, ölkədə daxili istehsalı stimullaşdırmaq, ölkəyə idxal olunan məhsulları yerli məhsullarla əvəz etmək üçün iqtisadi proseslərə təkan vermək lazımdır. Onun üçün maliyyə resurslarına əlçatanlıq olmalıdır. Həmçinin, ucuz maliyyə resursları olmalıdır. Sahibkarlar lisenziya və ərizə üçün əziyyət çəkməməlidir, onlar sadələşdirilməlidir. Vergi bazası genişləndirilməlidir ki, vergi rüsum və ödənişlərini vaxtlı vaxtında ödəsinlər. Bunun üçün təbii ki, şəffaf inzibatçılıq olmalıdır. Yəni sahibkarlarla bir yerdə bunu müzakirə edərək həyata keçirmək lazımdır. Onun üçün hesab edirəm ki, Prezident yanında Sahibkarlıq Şurası yaradılmalıdır ki, mikro və orta sahibkarlığa dəstək olunsun, həm də biznes ombudsmanı olmalıdır".
Daha çox xəbər:
Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir – ekspert danışır
İqtisadiyyatTürk lirəsi Ərdoğanın Putinlə görüşündən sonra rekord həcmdə ucuzlaşdı
Gündəm / DünyaTürkiyə yanğınların ziyanını necə aradan qaldıracaq?
Gündəm / İqtisadiyyatBütün məhsulların qiymətində artım var... - NƏ BAŞ VERİR?
Gündəm / İqtisadiyyatAMB-nin valyuta məzənnələri
Gündəm