Gündəm / Dünya
10 noyabr 2021
20

Türkiyədə çoxsaylı xəsarətlə nəticələnən bina uçqununa görə 4 nəfər saxlanılıb

Türkiyədə çoxsaylı xəsarətlə nəticələnən bina uçqununa görə 4 nəfər saxlanılıb

Türkiyənin Malatya Prokurorluğu ötən gün İnönü küçəsində yerləşən binada baş verən çökmə ilə əlaqədar aparılan istintaqla bağlı yazılı açıqlama yayıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Prokurorluğun yaydığı məlumata görə, binada qanunsuz təmir işləri apardığı müəyyən edilən iş adamı H.D və 3 əməkdaşı saxlanılıb.

Türkiyənin bəzi mətbu orqanları da hadisənin binada qanunsuz təmir işləri aparılması ilə əlaqədar baş verdiyini açıqlayıb.

İlkin ehtimala görə, binanın birinci mərtəbəsində fəaliyyət göstərən restoranın sahibi H.D.-nin qonşuluqdakı boş mağazanı öz obyektinə əlavə etmək üçün təmir işlərinə başlayıb. Binanın uçmasının da sütunun kəsilməsi səbəbindən baş verdiyi iddia edilir.

Hadisə zamanı H.D özü də dağıntılar altında qalaraq yüngül xəsarətlər alıb. O, xilas edilib və tibbi yardım göstərilib, bundan sonra ifadəsinin alınması üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 16:50-də olub. Əraziyə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib. Xilasetmə işləri nəticəsində 13 nəfər dağıntılar altından çıxarılıb.