Gündəm / Dünya
18 noyabr 2021
27
"Ermənistan Azərbaycan ərazisinin bütövlüyünü tanımaq istəmir" - FAKT BUDUR!
Noyabrın 14-dən başlayaraq Ermənistan revanşizm mövqeyindən çıxış edərək Laçın və Kəlbəcər rayonları istiqamətində hərbi təxribatlara əl atır. Noyabrın 16-da isə düşmən Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirərək Azərbaycan Ordusunun döyüş postlarına hücum edib.
Təxribatlara cavab olaraq görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Xeyli sayda erməni hərbçiləri tərk-silah edilərək saxlanılıb, müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 16 noyabr 2021-ci il tarixində dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.
Bəs üçüncü müharibə ehtimalı varmı? Müharibə ehtimalı və artan erməni təxribatları Qarabağa böyük qayıdışı əngəlləyə bilərmi? Bundan vətəndaşlarımız tərəddüdə düşə bilərmi?
Bəzi ekspertlər qeyd edir ki, ermənilərin son təxribatları da məhz buna hesablanıb. Uzunmüddətli, tammiqyaslı müharibə ehtimalına gəldikdə isə bildirilir ki, bu, nə Azərbaycan, nə də Ermənistanın maraqlarına cavab vermir. Üstəlik, Ermənistanın həm hərbi, həm də iqtisadi resursları çox aşağı səviyyədədir və buna görə də qarşı tərəf yalnız bu cür təxribatlar törətməklə kifayətlənir. Bununla belə, qarşıdakı həftədə hərbi əməliyyatların daha da intensivləşəcəyi ehtimalları da qeyd olunur.
Mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, sonuncu təxribatlar onu göstərir ki, Ermənistan Azərbaycan ərazisinin bütövlüyünü tanımaq istəmir:
“Beləliklə, Ermənistan bundan boyun qaçırmaq üçün təxribatlar törədir ki, sərhəd deyil, təmas xətti olsun, Azərbaycanın ərazi və suverenliyini tanımasın. Hazırda Ermənistanda qarşıdurmalar, böyük diskussiyalar var, ona görə də bu, ermənilər üçün prinsipial mövzudur. Bunun üçün də belə bir yol seçiblər ki, təmas xətti formalaşdırıb, ora hansısa vasitəçiləri, missiyaçıları gətirib, onların arxasında öz məkrli siyasətlərini davam etsinlər. Yəni, məqsəd budur və onlar indi bunu icra edirlər.
Əslində bəllidir ki, onlar bunu qorxaraq edirlər. Çünki başa düşürlər ki, təxribata davam etsələr Azərbaycan tərəfi onlara qarşı öz geniş, onlardan dəfələrlə yüksək səviyyədə olan hərbi imkanlarından istifadə edərək, zərbələr vura bilər. Lakin qeyd etdiyim kimi, onlar istəyirlər ki, kiminsə arxasında gizlənib, özlərinə təhlükəsizlik təminatı yaradıb Qarabağ siyasətinə davam etsinlər".
Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan proseslərə tam şəkildə nəzarət edir və hər zaman cavab zərbəsini vurmaq iqtidarındadır:
“Hesab edirəm ki, döyüşlərin nəticəsi ona gətirib çıxaracaq ki, gələcəkdə erməni əsgəri Azərbaycan əsgərinə tərəfə baxmağa qorxacaq.
İndi proseslər bölünüb. Qarabağ mövzusu ayrıdır. Azərbaycan Rusiya və Türkiyəyə müraciət edib, reinteqrasiya prosesinə başlatmaq niyyətindədir. Bu prosesdə Ermənistanın iştirakı üçün demək olar ki, heç bir əsas qalmayıb. Ona görə də onlar prosesdə qalmaq üçün sərhəddə vəziyyəti gərginləşdirməyə çalışırlar.
Xatırladım ki, bir neçə gün öncə Ermənistan müdafiə naziri Xankəndinə səfər etmişdi. Bu bir daha açıq-aşkar onu göstərdi ki, Ermənistan Azərbaycan ərazilərinə iddialıdır və onun suverenliyini qəbul etmək niyyətində deyil.
Təbii ki, bu siyasət onlara təhlükə yaradır.
İstisna etmirəm ki, bu cəhdlər davam etsə, Azərbaycan öz suveren hüquqlarından istifadə edib Laçın dəhlizinin istifadəsinə hansısa yeni bir qaydalar əlavə etsin".
Hərbi ekspert Ramil Məmmədli də qeyd edib ki, 2020-ci il 10 noyabr bəyanatı imzalanandan bu günə qədər Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri icra etməyib:
“Xatırlayırsınızsa, hələ ilk vaxtlarda bu məsələ özünü göstərdi. Belə ki, Kəlbəcərin, Laçının işğaldan azad edilməsi ləngidildi.
Ümumiyyətlə, Ermənistan tərəfinin bəyanata münasibəti ilk gündən qeyri-adekvat olub. Yəni Nikol Paşinyan bu imzaya heç bir zaman hörmətlə yanaşmayıb. Davamlı olaraq minalanmış ərazilərin xəritəsinin verilməsi ilə bağlı ciddi problemlər yaşadıq.
Ən əsası isə bəyanatın 4-cü bəndində, müddəasında qeyd olunan məsələlər icra olunmur. Həmin müddəada bildirilir ki, “Ermənistanın silahlı birləşmələri Qarabağ ərazisini tərk etməlidir”. Lakin bu günə kimi Ermənistan ordusu tam olaraq ərazilərimizi tərk etməyib. Bir neçə gün öncə Ermənistanın müdafiə nazirinin Xankəndinə səfəri, orada hərbi birləşmələrlə görüş keçirməsi onu göstərdi ki, bu reallıqdır.
Burada təkcə Ermənistan deyil, faktiki olaraq Rusiya da öz öhdəliyini yerinə yetirmir. Bu gün Qarabağda yaşanan hadisələr, gərginliklər, atəşkəsdən sonra ərazilərdə minaların basdırılması, Şuşa yaxınlığında hərbiçilərimizin üzərinə əl qumbarasının atılması, bütün bunlarda Ermənistan nə qədər günahkardırsa, bir o qədər də Rusiya günahkardır. Belə çıxır ki, Putin də bəyanatdakı imzasına hörmət etmir. Əgər belə olsaydı bəyanatın 4-cü bəndi artıq yerinə yetirilmiş olardı".
Ramil Məmmədli qeyd edib ki, müharibə ehtimalı olmasa belə Ermənistan silahlı qüvvələrinin orada olması azərbaycanlıların böyük qayıdışı üçün böyük narahatlıq yaradır.
Ramil Məmmədli vurğulayıb ki, baş verən hadisələr müharibənin əslində bitmədiyini göstərir:
“2020-ci ilin 10 noyabrında imzalanan bəyanat müharibənin bitdiyini nümayiş etdirsə də baş verən gərginliklər onu deməyə əsas verir ki, müharibə hələ tam bitməyib. Yəni Qarabağda separatçı ermənilərin olması müharibənin bitməməsinə işarədir.
O ki qaldı Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlar etməyə çalışması, bugünkü vəziyyətdə bu inandırıcı deyil, Ermənistan bunu etməz. Çünki Ermənistanın iqtisadi və daxili siyasi vəziyyəti, həmçinin ordusunun imkanları buna imkan vermir. Sadəcə, bu cür lokal şəkildə böyük olmayan, amma ümumi regionda gərginlik yaradan formada toqquşmalar olacaq ki, bu da ümumi prosesə mane olan məqamdır".
Siyasi analitik Teymur Qasımlı da mövzu ilə bağlı danışıb:
“10 noyabr bəyanatından bir il keçməsinə baxmayaraq Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, lakin Rusiya ilə Ermənistan heç bir öhdəliyi yerinə yetirməyib. Üstəlik, ora gələn Rusiya sülhməramlıları hansı ki, sülhün təminatı olmalı idilər, demək olar ki, baş verən hadisələrin qarşısını ala, Qarabağdakı təhlükəsizliyi qoruya bilmir. Daha bir məsələ, Ermənistan silahlı qüvvələrinin əsgərləri və qeyri-qanuni silahlı qruplaşmalar Qarabağdan çıxarılmalı idi, lakin bir il ərzində bu baş vermədi. Üstəlik, qeyri-qanuni qruplaşmaların üzvü əsgərlərimizin üzərinə əl qumbarası atdı. Bu günə qədər müəyyən mina xəritələri təqdim olunub, lakin əksəriyyəti uyğunsuz, yararsız çıxıb.
Hesab edirəm ki, baş verən hadisələrin arxasında Rusiyanın müəyyən planları var idi. Çünki orada öz istəklərini diktə etmək istəyir. Son zamanlar həm Azərbaycan, həm də Ermənistan tərəfi ABŞ-la və Fransa ilə danışıqlar aparıb. Rusiya da Qərblə bəzi danışıqlar aparılmasından narahat olduğu üçün orada olan təxribatçı qüvvələrin əli ilə sərhəd gərginliyi yaratdı".
Siyasi analitik də qeyd etdi ki, üçüncü müharibə ehtimalı demək olar ki, yoxdur:
“Mən müharibə ehtimalını görmürəm. Lakin hesab edirəm ki, ərazidə antiterror əməliyyatları aparıla bilər. Bu ehtimal mütləq var, çünki sərhəddə təhlükəsizlik qeyri-qanuni olaraq pozulur, əsgərlərimiz yaralanır, şəhid olur.
İkinci bir tərəfdən, orada tam təhlükəsizlik təmin olunmadığı, mina xəritələri bizə verilmədiyi, ərazilər tam olaraq minadan təmizlənmədiyi təqdirdə, Azərbaycan vətəndaşlarının ora dönüş etməsi hələ ki mümkün ola bilməz".
Daha çox xəbər:
Düşmən Kəlbəcər və Laçında genişmiqyaslı TƏXRİBAT TÖRƏTDİ - Hərbçilərimiz yaralandı
Gündəm / CəmiyyətAzərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb - SİYAHI
Gündəm / CəmiyyətCəbhədə son vəziyyət: Düşmənin xeyli itkisi, bizim şəhidimiz var
GündəmAzərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir - VİDEO - FOTO
GündəmDüşməndən növbəti TƏXRİBAT - Kəlbəcərdə hərbi qulluqçumuz şəhid oldu
Gündəm / Hadisə