Gündəm / Cəmiyyət
03 dekabr 2021
30
Oxçuçayın çirklənməsinin qarşısını almaq üçün tədqiqat qrupu yaradılır
"Oxçuçaya Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden kombinatının, eləcə də Qafan filiz emalı zavodunun təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab sularının davamlı olaraq atılması çay hövzəsinin çirklənməsinə səbəb olub".
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu çayın Azərbaycandan keçdiyi ərazilərinin ekoloji sistemini deqradasiyaya məruz qoyur: "Oxçuçayın Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalması regionda əkin sahələrinin suvarılmasına və içməli su təminatına da olduqca mənfi təsir göstərir. Oxçuçayın davamlı çirkləndirilməsinin qarşısının alınmasının zəruriliyi və təxirəsalınmaz tədbirlərin görülməsi barədə beynəlxalq təşkilatlara müraciət ünvanlanmış və bu problemin birlikdə həll olunması ilə bağlı çağırışlar edilib. Bununla yanaşı ictimai məlumatlandırma aktiv şəkildə həyata keçirilir. Lakin çox təəssüf ki, bütün bu kimi müraciətlərə və haqlı tələblərə rəğmən, hələ də Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi davam etdirilir. Oxçuçayın çirklənməsinin qarşısının alınması məqsədilə elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq reabilitasiya proqramının hazırlanması məqsədilə tədqiqat qrupu yaradılır. Burada beynəlxalq elmi-tədqiqat təcrübəsinə böyük ehtiyacımız var".
O əlavə edib ki, Tərtərçay üzərində inşa edilən Sərsəng su anbarı texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan 400 min nəfər əhali üçün potensial təhlükə mənbəyinə çevrilmişdi: "Su anbarının suyu ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan qış aylarında buraxılması yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətlərinin su altında qalmasına səbəb olmuşdu. İsti yay mövsümündə isə suyun buraxılmaması kəskin su qıtlığı və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaratmışdı. Bu ərazilərdə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi yanaşmasının tətbiq olunması və dayanıqlı sosial-iqtisadi inkişafın, eləcə də su təhlükəsizliyinin təmin edilməsi strateji fəaliyyətimizin əsas istiqamətlərindəndir. Bu gün sudan səmərəli istifadə, itkilərin azaldılması, istifadə olunmuş sulardan təkrar istifadə son dərəcədə vacibdir. Müasir dövrümüzdə su ehtiyatlarından daha qənaətlə istifadənin təmin edilməsində innovativ həll yolları, rəqəmsal texnologiyalar həlledici rol oynayacaqdır. Burada məhz belə yanaşmaların tətbiqi nəzərdə tutulur".
Daha çox xəbər:
Məşhur istirahət mərkəzləri Xəzəri belə çirkləndirir – Nazirlikdən xəbərdarlıq
Gündəm"Ermənistan təbii sərvətlərimizi xarici bazarlara ixrac edib" - Dövlət başçısı
Siyasət"Gorus-Qafan yolu bağlansa, Ermənistan çökəcək" - Erməni politoloq
Gündəm / DünyaErmənistan Gorus-Qafan yoluna görə çıxılmaz vəziyyətdə
Gündəm / CəmiyyətOrada da sülməramlılar yerləşsin? – Ermənilərdən qorxu hekayələri
Gündəm / Cəmiyyət