Gündəm / Cəmiyyət
04 dekabr 2021
39

“Bu iki dövlət qurumu bir-birinin elektron sənədini tanımadı”

“Bu iki dövlət qurumu bir-birinin elektron sənədini tanımadı”

“Hələ də bir dövlət qurumu digər dövlət qurumunun elektron sənədini tanımır. Bu gün Balakən ASAN-da elə bir situasiya ilə rastlaşdım ki, yumşaq desəm, biabırçılıqdır”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. Ekspert ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəqəmsallaşma səviyyəsinin yetərli olmamasından şikayətlənib:

“Notariusla bağlı məsələləri heç bir problem olmadan, son zamanlar hazırlanan ən faydalı rəqəmsal həll ilə, Mobil Notariat vasitəsilə aldığım etibarnamə əsasında həll etdim və zəruri xidmətləri problemsiz aldım.
Növbəti xidməti almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinə yaxınlaşdım. Bildirdilər ki, Mobil Notariat sistemini görə bilmirlər və bu səbəbdən də elektron etibarnamə onlar üçün məqbul deyil.

İsrar etdim, mümkün olmadı. Sistemləri inteqrasiya olunmadığından dövlət qurumları bir-birinin elektron sənədlərini tanımırlar.

Açdım öz telefonumdakı Mobil Notariat sistemini , elektron etibarnaməni göstərdim, Reyestr Xidməti qəbul edə bilməyəcəyini bildirdi.

Kağız formada istədi. Əvvəl ümumiyyətlə sadəcə kağız formada deyil, yenidən notarial təsdiqlə kağız formada tələb olunduğunu bildirdi.

Təəssüf ki nə ASAN, nə də Reyestr Xidmətində elektron sənədin kağız formada çapını reallaşdıra bilmədilər. Belə imkan olmadığını bildirdilər.

Belə olduqda, Reyestr Xidməti Mobil Notariat sistemin özündən kağız formada çıxarışı qəbul edə biləcəyini qeyd etdi.

Lakin məlum oldu ki, mövcud qaydalara görə mən Mobil Notariat sistemindəki elektron sənədi kağız formaya çap etdikdə onu yenidən notarial qaydada təsdiqlətməliyəm!

Hansı ki, artıq bir dəfə ödəniş edilib və elektron qaydada etibarnamə alınıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəqəmsallaşma səviyyəsi yetərli olmadığından, Elektron Hökumətin İnkişafı Mərkəzi inteqrasiyanı başa çatdıra bilmədiyindən belə bir anormal vəziyyət var”.