Gündəm / Təhsil
07 dekabr 2021
58
“Yeni imtahan qiymətləri katostrofik həddədir” - AKTUAL
Dövlət İmtahan Mərkəzinin (DİM) açıqlamasına görə, bu il bakalavriat səviyyəsinə I-IV qruplar üzrə sınaq imtahanlarında iştirak etmək istəyənlər 40 manat, III qrupda hər iki altqrupu seçənlər coğrafiya fənnindən imtahan vermək istədiyi halda əlavə 15 manat ödəməlidirlər. Magistratura səviyyəsi üçün isə sınaq imtahanının qiyməti 50 manatdır.
Sınaq imtahanlarının mövcud qiymətləri müzakirələrə səbəb olub və bir sıra hallarda narazılıqla qarşılanıb. AYNA bu istiqamətdə yaranan suallara cavab tapmaq üçün təhsil eksperti Elvin Bədirovla həmsöhbət olub.
- Valideynlər və abituriyentlər arasında DİM-in sınaq imtahanları üçün təyin etdiyi qiymətləri yüksək hesab edənlər çoxdur. Sizcə, bu narazılığa haqq qazandırmaq olarmı?
- Həm valideynlər, həm abituriyentlər, həm də narazı təhsil ictimaiyyəti narazılıqlarında tamamilə haqlıdır. Sınaq imtahanlarının yeni qiymətləri katostrofik həddədir. Təklif edilən sınaq imtahanının real dəyərindən ən azı 7-8 dəfə bahadır.
- DİM-in əsaslandırmalarına görə, bu, imtahanlarda yüksək keyfiyyətin təminatı üçündür. Bununla razılaşmaq olarmı? DİM qiymətləri yüksəldəndən bəri imtahan prosesində və suallarda müsbətə doğru hansısa dəyişikliklər müşahidə olunubmu?
- Dövlət İmtahan Mərkəzinin əsaslandırmasının nə olmasından, onların hansı arqumentləri gətirməsindən aslı olmayaraq qiymətlərə haqq qazandırmaq mümkün deyil. Ümumiyyətlə, publik hüquqi şəxs olduqdan sonra Dövlət İmtahan Mərkəzi özünü fərqli ampluada təqdim edir. Söhbət hansı keyfiyyət dəyişikliyindən gedə bilər ki? Bu halda belə məntiq yürütməliyik ki, qiymətlər 3 manat olanda keyfiyyət yerlərdə idi? Belə yanaşma qəbuledilməzdir.
- Bir çox məqamlarda olduğu kimi, bu məsələdə də başqa ölkələrlə müqayisələr aparılır, bu yolla mövcud imtahan qiymətlərinə haqq qazandırılır. Ümumiyyətlə, bizim təhsil sistemi, imtahan prosesi və qarşılığında təyin edilmiş qiyməti dünya təcrübəsi ilə müqayisə etmək olarmı? Bu, nə dərəcədə ədalətli müqayisə olar?
- Təəsüf ki, biz təhsilin bütün istiqamətlərində - söhbət maddi məsələyə gəldikdə - özümüzü dünya qiymətləri ilə eyni tərəziyə qoyuruq. Əgər məsələ budursa, qibtə ilə baxdığımız Avropanın bir sıra ölkələrində nəinki imtahanlar, universitetlər belə, ödənişsizdir. İkincisi də, biz ölkə insanımızın alıcılıq qabiliyyətinə baxmalıyıq. Dövlət İmtahan Mərkəzinin çətinləşdirilmiş qəbul standartları, universitetlərimizin isə yüksək təhsil haqqı strategiyası hər il 15 mindən çox tələbənin məcburiyyətdən ölkə xaricinə getməsinə səbəb olur. Qazanan isə təhsil turizmini gerçəkləşdirən ölkələr olur.
- Bizdə niyə imtahan qiymətləri yüksəkdir?
- Bizdə imtahanların qiymətinin bu qədər yüksək olmasının heç bir obyektiv səbəbi ola bilməz. Səbəb ancaq və ancaq subyektiv amillərdir. İmtahan xərcləri nədir - əvvəlcə onlara baxmaq lazımdır: 1) sual bazasının formalaşdırılması, 2) test tərtibatının aparılması, 3) nəşr prosesi, 4) imtahan binaları, 5) nəzarətçilərin təşkil edilməsi, 6) cavabların emal edilməsi, 7) marker müəllimlərin açıq tipli suallara cəlb edilməsi, 8) proqram təminatı, 9) nəticələrin elan edilməsi. Əgər DİM fantastik pullar qazanmağa çalışmasa, sınaq imtahanlarını 15 manat etməklə də kifayət qədər pul qazanar, həm də bu halda imtahanlar kütləvi xarakter daşıyar.
- Çıxış yolu nədədir?
- Çıxış yolu çox sadədir. Şəxsi maraqlardan çıxış etməmək, təhsili, şagirdləri düşünmək.
- Qəbul imtahanları üçün də qiymətlərin bundan daha yüksək olacağını gözləmək olarmı?
- Sınaq imtahanlarının bu qədər yüksək həddə çatması həm abituriyentlər üçün keçiriləcək qəbul imtahanlarının, həm fərqli xarici dil üzrə imtahan vermək istəyənlərin imtahan qiymətinin, həm də magistr və dövlət qulluğuna qəbul imtahanlarının qiymətlərinin artacağını proqnoz etməyə imkan verir. Ancaq bu, çox yalnış addımdır.