Gündəm / Cəmiyyət
02 fevral 2022
27

"O vaxt vəziyyət çox ağır idi" - Dövlət başçısı

"O vaxt vəziyyət çox ağır idi" - Dövlət başçısı

"İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi".

Bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda giriş nitqində deyib.

Dövlət başçısı bildirib ki, o gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi: "Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi. Əgər ovaxtkı Azərbaycan reallıqlarına nəzər salsaq görərik ki, o vaxt vəziyyət çox ağır idi. Müstəqilliyimizin cəmi 6 yaşı var idi, Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Belə ümidlər var idi və bütün digər sahələrdə vəziyyət çox ağır idi. Siz gənclər təbii ki, o illəri görməmisiniz. Ancaq bu, bizim tariximizdir və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik. O vaxt Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Azərbaycan reallıqları demək olar ki, dünya ictimaiyyəti üçün bəlli deyildi. Bizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Əlbəttə ki, o vaxt beynəlxalq aləmdə layiqli yer tutmaq öndə duran məsələlərdən biri idi".