Gündəm / Cəmiyyət
22 mart 2022
28

Azərbaycan-Pakistan: “Barıt qoxulu” sənəd üzərində iş gedir – TƏHLİL

Azərbaycan-Pakistan: “Barıt qoxulu” sənəd üzərində iş gedir – TƏHLİL

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Pakistana səfəri ikitərəfli əlaqələrin hərbi sferasında yeni mərhələ başladılmasına dair strateji planın tərkib hissəsidir.

Beynəlxalq güclərin dünya nizamının təməllərini qazıyıb ora yeni “barıt çəlləkləri” atdığı zamanda Bakı özünün hərbi göstəricilərini daha da yüksəyə qaldırmağa çalışır.

General-polkovnik Zakir Həsənovun yolunu İslamabada salması da Azərbaycan-Pakistan hərbi-texniki əməkdaşlıq, təhlükəsizlik platformasında növbəti səhifələri vərəqləmək məqsədi daşıyır.

Ümumiyyətlə səfərlərin intensiv qarşılıqlı hal almasından bu təəssürat yaranır ki, Azərbaycanla Pakistan qarşılıqlı maraq və niyyətlərə xidmət edən əməkdaşlığın inkişafı üçün üzərilərinə keyfiyyətcə yeni öhdəliklər götürürlər.

Bu isə regional təhlükəsizliyin sabitliyi baxımından önəmli addımlardır, Bakı-İslamabad marşrutundakı davamlı gəliş-gedişlər müasir çağırışlara adekvat olaraq yeni əməkdaşlıq sazişinin hazırlanması istiqamətində işlər getdiyinin indikatorudur.

Çünki münasibətlərin strateji tərəfdaşlıqdan strateji müttəfiqlik səviyyəsinə qaldırılmasına ehtiyac duyulur, bu isə yeni hərtərəfli sazişlə mümkündür. Zakir Həsənovun İslamabada səfəri də həmin sənədin hərbi məzmunu üzərindəki tezislər ətrafında rəsmi fikir mübadiləsi aparmaqdan ibarətdir.

Digər məsələ, Pakistanın nüvə silahına sahib olması onu Asiyada xüsusi statuslu dövlətlərdən biri halına gətirir. Pakistan müdafiə sənayesinin modernləşdirilməsi və xarici ölkələrlə hərbi əməkdaşlıq sayəsində (əsasən də Çin) çox güclü ordu qura bilib. Pakistanın hərbi texnikasını və silahlarını ucuz qiymətə almaq mümkündür – Bakının da hədəfində yeni silah alınması məsələləri prioritet təşkil edir.

Böyük ehtimal ki, hazırda Bakı-İslamabad hərbi xəttində müasir silahların alınması məsələsi də müzakirə mövzularından biridir.

Nəzərə almaq lazımdır ki, Pakistanın silah bazarında Çin silahları önəmli çəkiyə malikdir. Ona görə də Azərbaycanın Pakistandan silah alınması məsələsindən danışarkən biz həm də Çin-Pakistan silahlarını da göz önünə gətirməliyik.

Azərbaycanın Pakistandan çoxməqsədli qırıcı-bombardmançı “JF-17 Thunder” qırıcı təyyarələrini almağa çalışır. Səfərlərin intensivliyi və müzakirələrin tezliyi belə deməyə əsas verir ki, Azərbaycan tezliklə bu qırıcını öz ordu arsenalına daxil edəcək. Ümumiyyətlə Pakistanın silah bazarı Azərbaycana xeyli sayda maraqlı silah təqdim etmək potensialına malikdir.

Zakir Həsənovun səfərinin motivlərindən biri də Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi əməkdaşlığı gücləndirməkdir.