Gündəm / Cəmiyyət
30 mart 2022
25

Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər?

Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər?

Hərdən belə fikirlər eşidirik ki, Bakının yol-nəqliyyat problemlərinin həlli üçün paytaxtı başqa şəhərə köçürmək lazımdır. Guya, bundan sonra Bakı rahatlanar.

Bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, paytaxtı köçürməyin dövlət büdcəsi üçün milyardlara başa gələcək bir ideya olduğunu nəzərə almaq lazımdır.

"Elə həmin pulu dəqiq hesablanmış plan üzrə Bakının mobillik problemlərinin həllinə xərcləsək, ciddi dəyişikliklər görərik. Bakı Azərbaycanın sadəcə paytaxtı (siyasi mərkəzi) yox, həm də əsas işgüzar (sənaye, xidmətlər, təhsil, elm, mədəniyyət və s.) mərkəzidir. Ona görə də hansısa mərkəzi hakimiyyət orqanını Bakıdan harasa köçürmək Bakının ikinci statusunu (işgüzar mərkəz) dəyişməyəcək. Dünyada paytaxtı daha kiçik şəhərlərə köçürənlərin əksəriyyəti əslində ali hakimiyyət orqanlarında çalışanları iri şəhərlərin səs-küyündən, tıxaclarından və başqa bu kimi diskomfort yaradan amillərindən qurtarmaq məqsədi güdüblər. Yəni, belə köçürmə həmin keçmiş iri paytaxtın əhalisinə heç nə verməyib. Əksinə, bəzən paytaxtın köçməsi bu statusunu itirən iri şəhərin, az da olsa, diqqətdən kənarda qalması, infrastruktur inkişafında geriləməsi ilə nəticələnib. Qısası, paytaxtı köçürmək hətta Bakını daha pis vəziyyətə sala bilər".

Ekspert qeyd edib ki, ən yaxşısı ölkəmizdə tədricən Bakıya alternativ ola biləcək digər mərkəzlər yaratmağa çalışmaqdır:

"Yerləşmə, kommunal təminat, ərazi inkişafı, logistika və s. baxımdan perspektivi olan bir neçə digər şəhərimizin regional mərkəzlərə çevrilməsi üçün ciddi işlər görmək lazımdır. Məsələn, mümkün investisiyalar qoymaqla yeni istehsal müəssisələri yaratmaq, başqa iş yerləri açmaq, paytaxtdakılara rəqib ola bilən universitetlər açmaq, daha mükəmməl turizm ifrastrukturu yaratmaq, mədəniyyət obyektləri açamaq və s. Belə olsa, urbanizasiyanın bundan sonrakı mərhələsi həmin mərkəzlər hesabına olar və Bakıya axın azalar. Bakıya axın azalanda isə cəngəlliksayağı məskunlaşma dayanar. Daha sonra Bakının yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq, müasir mobillik yartmaq olar".