Gündəm / Cəmiyyət
13 iyun 2022
35
DYP-dən ekskursiya təşkilatçılarına MÜRACİƏT
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi şagirdlərin ekskursiyalarını və ya digər səfərlərini təşkil edən şəxslərə müraciət ünvanlayıb.
Qurum belə səfərlərlə bağlı tövsiyələrini açıqlayıb.
"Yay mövsümünün başlaması ilə əlaqədar məktəblilərin ekskursiyalara aparılması, yaxud sadəcə əyləncə məqsədi ilə istirahət zonalarına səfərlərin təşkil edilməsi hallarının sayı əhəmiyyətli dərəcədə artmışdır.
Lakin təəssüf ki, belə səfərlərin təşkilində yol hərəkətinin təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə əməl edilmir. Müntəzəm sərnişin daşımalarından fərqli olaraq, qeyri-müntəzəm daşımalarda gedişatlar şifahi sövdəşmələr əsasında həyata keçirilir ki, bu zaman avtobusun texniki sazlığı, sürücülərin nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, eləcə də onların peşəkarlıq və sağlamlıq vəziyyəti nəzərə alınmır.
Hərəkət marşrutları əvvəlcədən müəyyənləşdirilməyən istirahət zonalarında sifarişçinin istəyinə görə avtobusların dağlıq relyefli ərazilərdə, ensiz yollarda, sərt eniş və yoxuşlarda, eləcə də yolsuzluq şəraitində idarə edilməsi isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradır.
Daxili İşlər Nazirliyi mövcud vəziyyəti nəzərə alaraq, bu sahədə görülən işlərin effektivliyinin artırılması məqsədilə zəruri addımlar atmışdır.
Belə ki, daxili işlər orqanlarına şagirdlərin istirahət mərkəzlərinə aparılması ilə bağlı təhsil şöbələrindən müraciətlər daxil olduqda bu məqsədlə seçilən avtobusların texniki vəziyyətinin sazlığına, sərnişin tutumuna, onların sürücülərinin həmin nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olub-olmamasına və digər xüsusatlara diqqət edilməsi, eləcə də zərurət yarandıqda onların dövlət yol polisi əməkdaşları tərəfindən patrul avtomobilləri ilə ödənişsiz olaraq müşayiətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur", - DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.