Gündəm / Sosial
30 iyun 2022
20

İctimai nəqliyyatdakı davalarla bağlı TƏLƏB: "Günahkar sərnişinlər cəzalandırılmalıdır"

İctimai nəqliyyatdakı davalarla bağlı TƏLƏB: "Günahkar sərnişinlər cəzalandırılmalıdır"


Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Zaman-zaman sürücülərlə sərnişinlər arasında bu cür problemlərin yaşanması isə hər kəsə məlumdur.

Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı açıqlamasında bildirib ki, bəzi hallarda sərnişinlərin də məsuliyyətə cəlb edilməsinə ehtiyac var:

“İctimai nəqliyyatda baş verən istənilən mübahisədə sürücülərin günahlandırılması və işindən azad edilməsi təəssüf doğurur. Sərnişinin yıxılaraq zədə almasına görə sürücü cəzalandırıldı. Sərnişinə qarşı heç bir ölçü götürülmür. Bu, doğru yanaşma deyil. Sumqayıtda baş verən məlum hadisədə görünür ki, ilk hücum edən sərnişin olub. İş başında olan və onlarla insanın həyatının məsuliyyətini daşıyan sürücüyə qarşı zorakılıq tətbiq edən sərnişin anlamalı idi ki, hər hansısa qəza hadisəsi baş verə bilər. Sürücünün işdən çıxarılması şirkətin ictimai qınaqdan qorxduğunu göstərir. Halbuki nəzarət kamerasından günahın sərnişində olduğu görünür. O cür qadınlar cəmiyyətin hər yerində var və bir növ ictimai nəqliyyatı zəbt etmiş haldadırlar. Ona görə də ictimai nəqliyyatda baş verən mübahisələrdə günahkar olan sərnişinlər cəzalandırılmalıdır. Məlum hadisədəki qadın avtobusdakı sərnişinlərin həyatını təhlükəyə atdığına və öz əməlinə görə üzr istəməlidir”.