Gündəm / Siyasət
03 oktyabr 2022
8
Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək
Prezident İlham Əliyev Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparmışdır. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil etmişdir.
Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi Ömər Faiq Nemanzadə də totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan milli mətbuatının inkişafına dəyərli töhfələr vermiş görkəmli maarifçi-ziyalı Ömər Faiq Nemanzadənin anadan olmasının 150-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Daha çox xəbər:
Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək
Siyasət2023-cü il “Heydər Əliyev İli” elan edildi - SƏRƏNCAM
Gündəm / SiyasətHəsən Seyidbəylinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
MədəniyyətPrezident “Şuşa İli” ilə bağlı Sərəncam imzaladı
Gündəm / SiyasətPrezident Kamil Əliyevlə bağlı SƏRƏNCAM İMZALADI
Gündəm / Cəmiyyət