İdman
09 iyun 2023
0

Azərbaycan çempionatının ən yaxşı hücum trioları: “Qarabağ”lılar əlçatmazdırlar


Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün ən yaxşı hücum trioları müəyyənləşib.

Oxu.Az-ın araşdırmasına görə, “Qarabağ”ın irəli xətt üçlüsü ən yaxşı nəticəni göstərib. Ramil Şeydayev, Musa Qurbanlı və Abdullah Zubir ümumilikdə 51 qol vurublar. Şeydayevlə Qurbanlı müvafiq olaraq 22 və 21 dəfə fərqləniblərsə, Zubir 8 dəfə rəqib qapısının torunu silkələməyi bacarıb.

İkinci sırada “Sabah”ın hücum xəttidir. Masazır klubunun qol silahları 43 dəfə fərqləniblər. Coy-Lens Mikels 17, Aleksey Kaşuk 16 qol vurub. Davit Volkov isə 10 dəfə fərqləniblər. “Sabah” 3 oyunçusu 10 qol səddini keçməyi bacaran yeganə kollektivdir.

Emin Mahmudov, Ataa Caber və Mateus Saldanya birlikdə 27 qol vurmaqla “Neftçi”ni 3-cü ediblər. Mahmuduv 17 dəfə fərqlənib və komandanın bombardiri olub. Caber və Saldanya isə hərəyə 5 qol vurublar.
Məhsuldarlıq baxımından ən zəif performans göstərən oyunçulara malik klub “Sumqayıt”dır. “Gənclik şəhəri” təmsilçisinin ən yaxşı triosu ümumilikdə 12 qol vura bilib. Bunların yarısı Vüsal İsgəndərlinin aktivindədir. Kərim Abubakar və müdafiəçi Todor Todoroski hərəyə 3 qol vurublar.